ABŞ-da növbəti il keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində aparılan sorğular Donald Tramp üçün xoş olmayan mənzərə ortaya qoyub. ABC News, The Washington Post və Ipsos mərkəzlərinin 24–28 oktyabr tarixlərində apardığı sorğulara əsasən, respondentlərin 67 faizi ölkənin yanlış istiqamətdə hərəkət etdiyini düşünür. Cəmi 32 faiz amerikalı hazırkı vəziyyətdən razıdır.
Demokratların 95 faizi, müstəqillərin 77 faizi və hətta respublikaçıların 29 faizi Trampın siyasətindən narazılıq ifadə edib. Ən çox narazılıq Trampın xarici mallara tətbiq etdiyi gömrük rüsumları (65 faiz narazıdır) və Ukrayna-Rusiya müharibəsinə yanaşması (60 faiz) ilə bağlıdır. Eyni zamanda, iqtisadi vəziyyəti qənaətbəxş hesab etməyənlərin sayı 62 faizə çatıb.
Lakin bu mənzərə Demokrat Partiyasının reytinqini artırmayıb – respondentlərin 68 faizi demokratların “reallıqdan uzaq” olduğunu düşünür. Respublikaçılar üçün bu rəqəm 61 faizdir. Analitiklər hesab edir ki, aralıq seçkilərin nəticəsini Trampın özü deyil, yerli səviyyədəki siyasətçilər müəyyən edəcək.
Yeni sima: Elissa Slotkin
Bu məqamda Demokrat Partiyada yeni və iddialı fiqurlar önə çıxır. Onlardan biri Miçiqan ştatının 49 yaşlı senatoru Elissa Slotkindir. Slotkinin tərcümeyi-halı diqqətçəkicidir: 2019–2025-ci illərdə Senatda, ondan əvvəl isə Nümayəndələr Palatasında təmsil olunub. 2014–2017-ci illərdə ABŞ Müdafiə Nazirliyində beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçi, 2004–2007-ci illərdə isə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorluğu ofisində çalışıb.
Slotkin İraq üzrə MKİ-nin analitik qrupuna rəhbərlik edib və bir neçə dəfə bu ölkədə ezamiyyətdə olub. Təcrübəsinə görə Demokrat Partiyasının Trampa cavab nitqini də o səsləndirib.
Keçən həftə Stroub Telbott adına Təhlükəsizlik, Strategiya və Texnologiyalar Mərkəzində çıxış edən senatorun nitqi ABŞ mediasında “siyasi partlayış effekti” doğurub.
Slotkin Trampın daxili siyasətini sərt tənqid edərək bildirib:
> “Trampın çoxlu sayda düşməni var və əgər o, xaricdəki düşmənlərə qarşı ölümcül gücdən istifadə edirsə, onu daxildə, amerikalılara qarşı da tətbiq etməsinə nə mane ola bilər? Bu sual hər bir amerikalını düşündürməlidir.”
O, həmçinin iddia edib ki, prezident “daxili terrorçu təşkilatların” siyahısını hazırlamaq barədə fərman imzalayıb və bu siyahıya “antiamerikanizm”, “antikapitalizm” və “ənənəvi ailə dəyərlərinə qarşı çıxış” kimi geniş anlayışlar daxil edilib.
Nüfuzlu “Politico” nəşri yazır ki, Slotkin “Trampa qarşı siyasi müharibə planını sınaqdan keçirir” və Demokrat Partiyanı “yuxudan oyadaraq öz gücünü göstərməyə” çağırır.
O, Demokrat Partiyasının “yenidən bayrağı ələ almalı” olduğunu və 2028-ci il prezident seçkiləri üçün yeni liderlərin yetişdirilməsinin vacibliyini vurğulayıb.
Ekspertlər hesab edir ki, Slotkin Demokrat Partiyasının mötədil qanadını təmsil edir və gələcək prezident seçkilərində əsas fiqurlardan birinə çevrilə bilər.
Nyu-Yorkda sürpriz: Zöhran Mamdani
Demokratların sol cinahında isə 34 yaşlı siyasətçi Zöhran Mamdani önə çıxır. Uqandada doğulan və 9 yaşında ailəsi ilə ABŞ-a köçən Mamdani bu il Nyu-York meri seçkilərində favorit hesab olunur. Quinnipiac Universitetinin sorğularına görə, o, 43 faiz dəstəyə malikdir.
Keçmiş qubernator Endryu Kuomo 33 faizlə ikinci, respublikaçı Kertis Sliva isə 14 faizlə üçüncü yerdədir.
Mamdani şəhərdə pulsuz ictimai nəqliyyat, icarə haqlarının dondurulması və ucuz ərzaq mağazalarının açılması kimi populist təşəbbüslərlə çıxış edir. Tramp onu “kommunist” adlandıraraq hakimiyyətə buraxmayacağını deyib.
Siyasi müşahidəçilər hesab edir ki, Mamdaninin yüksəlişi Amerikanın köhnə siyasi sistemindən yorulmasının göstəricisidir.
Beləliklə, ABŞ-da siyasət səhnəsinə yeni və enerjili liderlər çıxır. Slotkin və Mamdani kimi simalar artıq Trampın hökmran siyasətinə açıq meydan oxuyur. Amerikalıların növbəti seçkilərdə hansı liderə üstünlük verəcəyi isə hələlik naməlum qalır.






















