Deutsche Welle yazır ki, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda Rusiyanın nüfuzuna son qoyublar.
Nəşrin məlumatına görə, ABŞ-da Ermənistan və Azərbaycan arasında imzalanan çərçivə sazişi Rusiya imperatorları I Aleksandr və I Nikolay dövründən bəri bölgədə mövcud olan Moskvanın xüsusi təsirinin sonu deməkdir.
Bakı və İrəvan əsas razılaşma parametrlərini Moskva iştirak etmədən, Vaşinqtonun fəal vasitəçiliyi və Ankaranın dəstəyi ilə razılaşdırıblar. Qeyd olunur ki, beş–yeddi il əvvəl belə bir ssenarini təsəvvür etmək belə mümkün deyildi.
DW yazır ki, hətta Ukraynaya qarşı müharibənin tam dayandırılması halında belə, Moskva Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa edə bilməyəcək. Son hadisələrdən sonra Ankaranın, müəyyən dərəcədə isə Vaşinqtonun, bölgənin əsas geosiyasi oyunçularına çevrildiyi bildirilir. Nəşr vurğulayır ki, regionun gələcəyinə artıq Rusiya prezidenti Vladimir Putin deyil, Türkiyə və ABŞ təsir göstərəcək.