Ulusal.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, NATO-ya üzv Avropa ölkələrinin Ukrayna ərazisində hərbi qüvvə yerləşdirməsi Rusiya prezidenti Vladimir Putin üçün “problem” yaratmayacaq.
Jurnalistin xatırlatmasına görə, Rusiya Ukraynanın NATO-ya qoşulmasına qəti şəkildə qarşı çıxır. Tramp isə cavabında qeyd edib ki, bu məsələ Moskva üçün tamamilə qəbuledilməzdir.
“Rusiya həmişə deyirdi ki, sərhədində rəqib və ya düşmən istəmir. Onlar haqlı idilər, buna heç vaxt razılıq verməyəcəkdilər. Hamı bunu bilirdi”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, Ukrayna NATO-ya üzv olmayacaq, amma əvəzində Avropa ölkələrinin bu ölkədə qoşun yerləşdirməsi mümkündür: “Ukrayna NATO üzvü olmayacaq, lakin Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələr əsas yükü öz üzərinə götürməyə hazırdır. Onlar orada hərbi qüvvə saxlamaq istəyirlər və məncə, bu, problem yaratmayacaq”.
Trampın sözlərinə görə, həm Rusiya prezidenti, həm də beynəlxalq ictimaiyyət münaqişədən yorulub: “Ancaq heç vaxt dəqiq bilmək olmaz. Bunu yaxın həftələrdə prezident Putindən öyrənəcəyik. Gözləyək və görək”.