ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri qarşısında çıxış edərək Rusiya prezidenti Vladimir Putini yenidən sərt tənqid edib.
Ulusal.az xəbər verir ki, Tramp bildirib ki, Putindən son əməllərindən çox narahat olub:
“Mən düşünürdüm ki, o, bu işi bitirəcək… Ona dedim: ‘Baxın, siz yaxşı görünmürsünüz. Artıq dördüncü ildir ki, bir həftəyə bitməli olan müharibəni davam etdirirsiniz. Siz kağız pələngsiniz?’” – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, hər həftə minlərlə əsgərin həyatını itirdiyi bu münaqişə İkinci Dünya müharibəsindən bəri ən dəhşətli hərbi qarşıdurmadır. Tramp bununla yanaşı, sonda müharibənin sona çatacağına ümid etdiyini qeyd edib:
“Nəzəri olaraq bu mümkündür – amma taxta döyürəm, çünki heç vaxt əmin ola bilməzsən”, – deyə o əlavə edib.
Son aylarda Tramp bir neçə dəfə Putinin fəaliyyətindən məyus olduğunu dilə gətirib. O, ötən həftə də Rusiya-Ukrayna müharibəsinin hələ uzun müddət davam edə biləcəyini istisna etməyib. ABŞ liderinə görə, dialoqun uzanmasının əsas səbəbi Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında “dərin nifrət”dir.
Kremlin mətbuat katibi Dmitri Peskov isə “Radio RBK”ya açıqlamasında ABŞ prezidentinin bəzi fikirləri, xüsusən də Rusiyanı “kağız pələng” adlandırmasını qəbuledilməz hesab etdiklərini bildirib.