Ulusal.az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşəcəyini açıqlayıb. Bu, Putinin 2015-ci ildə BMT sammiti çərçivəsində Barak Obama ilə Nyu-Yorkda görüşündən sonra ABŞ-a ilk səfəri olacaq.
Tramp, sosial media hesabında “ABŞ prezidenti olaraq mənim və Rusiya Prezidenti Vladimir Putinin çox gözlənilən görüşü gələn cümə, 15 avqust 2025-ci ildə Alyaska ştatında baş tutacaq” – deyə yazıb.
Görüşün Ukrayna müharibəsinin dayandırılması istiqamətində irəliləyiş əldə edə biləcəyi bildirilir. Lakin Ağ Ev rəsmiləri, əvvəlcə Putinlə görüş üçün onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə də bir araya gəlməsini tələb etsə də, Tramp sonradan bu şərtdən imtina edərək ikitərəfli formatı seçib.
Kremlin sözçüsü Yuri Uşakov açıqlamasında görüşdə “Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli variantlarının müzakirə ediləcəyini” bildirib. Onun sözlərinə görə, proses çətin olsa da, tərəflər “aktiv və enerjili şəkildə” iştirak edəcək.
Görüş yeri seçimi, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putin barəsində çıxardığı həbs qərarı səbəbindən məhdudiyyətlər yaradıb. ABŞ BCM yurisdiksiyasını tanımadığı üçün Alyaska kompromis məkan kimi seçilib. Alyaska ilə Rusiya arasındakı məsafə Bering boğazında cəmi 88 kilometrdir.
Tramp bir neçə həftədir Rusiyanın hücumlarını davam etdirməsi və sülh razılaşmasına yanaşmaması ilə bağlı narazılığını ifadə edirdi. Onun əvvəlki sülh planında Krım üzərində Rusiyanın suverenliyinin tanınması və bəzi ərazilərin dəyişdirilməsi kimi təkliflər yer almışdı.
Putin isə bu həftə ABŞ nümayəndələrinə yalnız Donbasın Ukraynadan verilməsi halında atəşkəsə razılaşacağını bildirib.
Alyaska sammiti, tərəflər arasında üç ildən artıq davam edən münaqişənin həllinə doğru mühüm addım kimi qiymətləndirilir, lakin nəticələrin nə dərəcədə real olacağı hələ də sual altındadır.