ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin radikal hərəkatı HƏMAS Vaşinqtonun təklif etdiyi razılaşmanı ən geci oktyabrın 5-nə qədər qəbul etməlidir.
“Razılaşma 5 oktyabr saat 18:00-da, Vaşinqton, Kolumbiya dairəsi vaxtı ilə təsdiqlənməlidir. Bütün ölkələr artıq sənədə imza atıb! Bu son şans da dəyərləndirilməsə, HƏMAS üzərinə elə bir cəhənnəm enəcək ki, indiyə qədər heç kim görməyib”, – Tramp “Truth Social”da yazıb.
Xatırladaq ki, bundan əvvəl Ağ Ev Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı plan açıqlayıb. Sənəd döyüşlərin tam dayandırılmasını, HƏMAS-ın saxladığı girovların 72 saat ərzində azad edilməsini nəzərdə tutur. Sənədə əsasən, Qəzza müəyyən müddət üçün xarici idarəetməyə verilməli, sakinlərə isə həm çıxmaq, həm də geri qayıtmaq imkanı yaradılmalıdır.