image-rt-reklam
image-1backend

“Toplum TV”-nin ifşası: Qərbin Azərbaycandakı şəbəkəsi dağılır – DETALLAR

image-728x90

“Toplum TV”-də axtarış-əməliyyatı aparılıb və qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb. Hər şey istintaq zamanı ortaya çıxacaq, lakin Azərbaycanda media adı altında qaçaqmalçılıq fəaliyyətlərinin həyata keçirildiyi sirr deyil. Burada söhbət ölkənin ictimai rəyinə infotəxribatların yeridilməsi və anti-Azərbaycan planlarının icra edilməsi qarşılığında ayrılan maliyyənin ölkəyə qanunsuz yollarla gətirilməsindən gedir. Bununla bağlı faktlar “Abzas media” işində ortaya çıxdı.

Belə mexanizmdən 2013-cü ildən – qrant layihələrinin alınması ilə bağlı qanuna edilən dəyişikliklərdən sonra tətbiq etməyə başladılar. Qərbdə donor təşkilatları Azərbaycanda onlara bağlı QHT-ləri, media orqanlarını, o cümlədən, digər təşkilatları qrant layihələri üzərindən maliyyələşdirirdi. Qanuna edilən dəyişiklik isə bu işi çətinləşdirdi, lakin nə anti-Azərbaycan dairələr, nə də ölkə daxilində onlara işləyən şəbəkə fəaliyyətlərini dayandırmadı. Və “vəziyyətdən çıxış yolu” kimi qeyri-qanuni addımlara əl atdılar.

1. Ayrılan maliyyə Azərbaycan daxilindəki şəbəkəyə üçüncü ölkələr üzərindən ötürülür: bu prosesdə Gürcüstan əsas platforma olaraq seçilib; pullar Gürcüstanda konkret şəxslərin, yaxud bu ölkədə eyni şəbəkəyə bağlı olan təşkilatların hesablarına köçürülür; Azərbaycandan bu işi görən şəxslər Tbilisiyə “turist” səfəri edir və həmin pulları qaçaqmalçılıq yolu ilə ölkəyə daxil edirlər; indiyə qədər bu qaçaqmalçılıq faktlarının aşkarlanması halları baş verib;

2. Qrant layihələrinin alınması çətinləşdiyi üçün ayrılan maliyyə Azərbaycanda fiziki şəxslərin bank hesablarına yatırılır və həmin pullar layihələrə xərclənir;

3. Son dövrlər istifadə edilən yollardan biri də həvalə mexanizmdir: pul Azərbaycanda şübhə oyandırmayacaq, sıradan bir şəxsin hesabına köçürülür, daha sonra həmin pullar eyni bankda açılan başqa bir hesabata yatırılır; adətən terror təşkilatlarının iz azdırmaq məqsədilə istifadə etdiyi bu mexanizmdən Azərbaycanda Qərb şəbəkəsi də geniş şəkildə yararlanır;

Qanunsuz maliyyənin Azərbaycan daxilindəki şəbəkələrə çatdırılması üçün bu və digər üsullardan istifadə olunur. “Toplum TV”-nin maliyyələşməsində də bu mexanizmlərdən istifadə olunduğuna dair məlumatlar var. İstintaq yekunlaşmasa belə, belə düşünməyə imkan verən amillər gözardı edilməməlidir.

Birincisi, “Toplum TV” Azərbaycan qanunvericiliyinə uyğun olaraq, media orqanı sayılmır, çünki nə “Media reyestri”ndən qeydiyyatdan keçib, nə də “Media haqqında” qanunun tələblərinə uyğun fəaliyyət göstərir. Bu baxımdan, onun maliyyə mənbələri şübhəlidir.

İkincisi, bir media orqanının maliyyəsi bir neçə mənbədən təmin edilə bilər, lakin hər bir mənbə qanuna uyğun şəkildə olmalıdır: fərdi ianələr, reklam gəlirləri, yaxud Media Agentliyinin leqal şəkildə layihələr və s. “Toplum TV” heç bir leqal yoldan maliyyə əldə etmir, internet resursuna nəzər yetirəndə də heç bir reklam məhsuluna rast gəlmək olmur, o cümlədən, fərdi ianələrlə bağlı hansısa hesabat verilməyib.

Buna baxmayaraq, “Toplum TV”-nin onlarla əməkdaşı aylıq əmək haqqı və qonorar sistemi ilə çalışır, bununla yanaşı, konkret ünvanda ofisi fəaliyyət göstərir. Bu faktlar “Toplum TV”-nin böyük miqdarda maliyyə resursuna malik olduğunu sübut edir. O zaman, bu maliyyənin mənbəyi haradır?

Bu sualın cavabı açıq olduğu üçün qaçaqmalçılıq və digər qeyri-qanuni fəaliyyətlə bağlı şübhələr var. Axtarış-əməliyyat tədbirləri də buna əsasən keçirilib.

Əslində “Toplum TV”-nin haradan maliyyələşdiyi media cameəsinə sirr deyil. “Absaz media” işində bu mənbələr konkret faktlarla ifşa olundu, “Toplum TV” də eyni şəbəkənin digər qolu kimi eyni mənbələrdən maliyyələşir. Bir detal bunu sübut etmək üçün yetərlidir. “Toplum TV”-nin redaksiyası “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) ofisində yerləşir. DTİ-nin təsisçisi Akif Qurbanov son axtarış-əməliyyat tədbirləri zamanı qaçaqmalçılıq şübhəsi ilə saxlanılıb. Məlumatlara görə, DTİ 406331063 identifikasiya kodu ilə müstəqil QHT kimi Gürcüstanda qeydiyyatdan keçib. Bu deməyə əsas verir ki, “Toplum TV”-nin maliyyəsi DTİ üzərindən həll edilirmiş: ayrılan pullar DTİ-nin Gürcüstandakı hesabına yatırılır, daha sonra qaçaq yollarla Azərbaycana daxil edilir.

A.Qurbanov həm də “Fakt yoxla” beynəlxalq layihəsinin rəsmi təmsilçisidir. “Fakt yoxla” layihəsinin Azərbaycan seqmenti OCCRP-nin (Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsi) qolu olaraq fəaliyyət göstərir. “Toplum TV”-nin baş redaktoru olan Xədicə İsmayılın da əməkdaşlıq etdiyi OCCRP-nin Azərbaycana qarşı beynəlxalq səviyyədə həyata keçirdiyi anti-kampaniyalar məlumdur. Misal üçün, Azərbaycanın enerji layihələri – Cənub Qaz dəhlizi və digərləri daim bu şəbəkənin hədəfində olub. Və belə görünür ki, “Toplum TV”-nin maliyyəsi OCCRP-dən, daha doğrusu bu təşkilatın da dolayısı ilə bağlı olduğu USAİD və ABŞ-ın nəzarətindəki donor təşkilatlarından gəlir. Bura ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal Fondu”, “People in Need” təşkilatı, “Freedom House” və digərləri də daxildir.

Göründüyü kimi, Azərbaycana qarşı bu şəbəkənin arxasında ölkə olaraq ABŞ dayanır. Bu, ABŞ-ın klassik müdaxilə siyasətinin tərkib hissəsidir və əsas hədəf ölkə daxilində “təsir agentləri”nin yetişdirilməsi, öz maraqlarının təmin edilməsində istifadə etdikləri şəbəkələrin formalaşdırılmasıdır. “Toplum TV” bu planda infotəxribatlar və ictimai rəyin manipulyasiya edilməsi işini həyata keçirir. Misal üçün, 7 fevral prezident seçkilərində “Toplum TV”-nin redaktoru Xədicə İsmayılın əməkdaşlardan ibarət təxribat qrupu yaratdığı və seçki məntəqələrində “pozuntu” axtarışına çıxdığı haqda məlumatlar var idi. Bu planlar baş tutmadı, digərləri kimi…

“Abzas media”dan sonra “Toplum TV”-nin də ifşa edilməsi Qərb şəbəkəsinə ziddi zərbədir və artıq Azərbaycana qarşı planlarını həyata keçirmək imkanları getdikcə məhdudlaşır. Gözləniləndir ki, “Toplum TV”-nin də ifşasından sonra öz şəbəkələrini itirən anti-Azərbaycan dairələri rəsmi Bakıya qarşı klassik ittihamlarını yenidən sərgiləyəcək. Lakin bütün bunlar Azərbaycan dövlətinin milli təhlükəsizliyinə qarşı təhdidləri aradan qaldırmaq iradəsini dəyişə bilməz.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90