image-2000x150
image-img-20240415-wa0050backend

Tibb elminə həsr olunmuş ömür

image-728x90

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə – gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib. Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Gülzar Cavadzadə Qurban qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90