“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb.
“Report” xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qrozni və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər”, – deyə o qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.