Bu günlərdə Bakıda, respublikamızın cənub zonası və işğaldan azad edilən ərazilərdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri çoxları üçün bir xəbərdarlıq mesajı oldu. Regionda vəziyyəti gərginləşdirmək istəyən, Ermənistanı yenidən silahlandırmaqla onu Azərbaycana qarşı müharibəyə təhrik edən yaxın və uzaq qonşularımıza “Qardaş yumruğu” adı altında keçirilən hərbu təlimlərlə mesaj verildi ki, bölgədə qarşıdurma yaratmaq istəyən, müharibənin alovlanmasına çalışan qüvvələr qarşılarında Bakı və Ankaranı görəcəklər. Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə millət vəkili son günlər Rusiya sülhməramlılarının öz fəaliyyət dairələrini aşan hərəkətlərinə də toxunub və bunun qəbuledilməz olduğunu vurğulayıb.
–Nəsib müəllim, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionda, xüsusilə də Qarabağda yenidən gərginlik yaratmaq istəyənlər üçün nə dərəcədə ciddi bir siqnal olacaq?
-Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Qarabağda, ümumiyyətlə, regionda gərginlik yaratmaq istəyən qüvvələrə layiqli cavab olmaqla, soyuq duş effekti yaratdı. İnanmaq istərdim ki, mollaların, erməni millətçilərinin qızmış beyinləri soyuyacaq və Azərbaycana yönəlik gələcək siyasətlərində adekvat davranacaqlar. Şübhəsiz, hərbi təlimlər, onlar üçün ciddi siqnal oldu. Ötən əsrin 90-cı illərində də, İran silahlı qüvvələri ölkəmizə qarşı təxribatlar törədirdi. Ulu Öndər Heydər Əliyev Türk şahinlərini dəvət etdi və onların göstərdikləri perfomansdan sonra rejim sakitləşdi. Ancaq, etiraf etməliyəm ki, molla rejiminin mahiyyətinin dəyişəcəyinə o qədər də nikbin deyiləm. Ona görə də, biz hər zaman hazır olmalıyıq.
-Ancaq görünən odur ki, nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı qeyri-qanuni hərbi birləşmələr bundan dərs almayıblar. Hərbi təlimlərdən sonra da belə bir neçə istiqamətdə mövqelərimiz atəşə tutulub. Davam edən erməni təxribatları yeni bir hərbi qarşıdurma, yaxud antiterror əməliyyatını zəruri edirmi?
-Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, ermənilər separatçılıqdan əl çəkməyiblər, təxrbatlar davam edəcək. Əgər, təxribatlar davam edəcəksə, mövqelərimiz sistemli şəkildə atəşə tutulacaqsa, anti-terror əməliyyatları qaçılmaz olacaq. Qarabağ ətrafı bütün strateji yüksəkliklər bizim nəzarətimizdə olduğu üçün ermənilərin təslim olmaqdan başqa perspektivi yoxdur.
-Sizə elə gəlmirmi ki, həm Ermənistan, həm də separatçılar sülhməramlıların fəaliyyətsizliyi, daha dəqiq desək erməni maraqlarına xidmət edən addımlarından ruhlanıb təxribatlara əl atırlar?
-Bu fakfdır. Sülhməramlıların dəstəyi olmasaydı, müharibədən sonra ermənilər taleləri ilə çoxdan barışmışdılar. Əksəriyyəti heç Qarabağa qayıtmayacaqdılar. Əfsuslar olsun ki, bütün baş verənlərdən rusiyalılar düzgün nəticə çıxarmır, 21-ci əsrdə, 18-ci əsrin düşüncəsi ilə siyasət aparırlar. Dünya sürətlə dəyişir və qlobal çağırışlar yeni baxış, yeni konsepsiya tələb edir. Öz mövcudluğunu qorumaq üçün, daim gərginliyi saxlamaq, günahsız insanların qətlinə şərait yaratmaq, o qədər də uğurlu siyasət deyil.
-Ümumiyyətlə, sülhməramlıların mandatlarına zidd hərəkətləri, Azərbaycan ərazilərində özlərini bu torpağın sahibi kimi aparmalarına qarşı nə kimi adekvat addımlar ata bilərik. İndiki halda rəsmi Bakı nə etməlidir?
-Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər, müdafiə nazirlikləri, hüquq-mühafizə orqanları prosesləri tam nəzarətdə saxlayır və lazım olan tədbirləri operativ şəkildə görürlər. Sülhməramlıların mandatlarına zidd hərəkətləri sənədləşdirilməli, hər birinə hüquqi qiymət verilməli və Rusiya hökumətinin nəzərinə çatdırılmalıdır. Adekvat reaksiya olmadığı halda, beynəlxalq müstəviyə çıxarılmalı, mandatlarının uzadılmaması məsələsinə baxılmalıdır. Laçın dəhlizi nəzarət altına alınmalı, Qarabağ ərazisinə keçən yüklərin, arzu olunmaz şəxslərin daxil olmasına imkan verilməməlidir.
-Son olaraq tarixi Zəfər paradının iki illiyi ilə bağlı fikirlərinizi bilmək istərdik. 10 dekabr tarixi zəfər paradı ilə Azərbaycan dünyaya nəyi göstərmiş oldu?
10 dekabr Zəfər Paradı isə, yenicə müharibədən çıxmış Müzəffər Ordunun, Müzəffər Ali Baş Komandanın xalqa hesabatı idi. Qalib Ordunun şəxsi heyəti, müasir silahları ilə yanaşı, ermənilərdən götürülən hərbi qənimətlərin, məhv edilmiş silahların nümayişi hər birimizi qürurlandlrdı.
Azərbaycan Silahlı Qüvvələrinin gücü, texniki imkanları bütün dünyaya nümayiş etdirildi. Müharibədən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu bunun sübutudur.