image-rt-reklam
image-1backend

Təhsil Nazirliyi “WhatsApp”da ifşa olunan direktorların işini niyə prokurorluğa ötürmür?

image-728x90

“Nazirliyin təyin etdiyi direktorların bəziləri “informasiya daşıyıcısı”dır, ona görə də onların işi prokurorluğa verilmir”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Elşən Qafarov bildirib.

O, müxtəlif qanunpozmalarda, o cümlədən maşınını xadiməyə yuduzdurduğuna görə vəzifə səlahiyyətlərini aşmada, ad günü hədiyyəsi istədiyi üçün rüşvətdə və s. ittiham oluna biləcək orta məktəb direktor və müəllimləri barədə Təhsil Nazirliyinin çıxardığı qərarları şərh edib.

Xatırladaq ki, bir qayda olaraq neqativ hallar valideynlərin təşkil etdiyi “WhatsApp” qrupları vasitəsi ilə ifşa olunur. Təhsil Nazirliyi isə bu cür ifşalardan sonra bu şəxsləri ya işdən çıxarır, ya da həmin adamlar töhmət və xəbərdarlıqla yaxalarını ittiham cəngindən çıxarırlar.

Elşən Qafarov qeyd edib ki, ölkədə 4252 ümumtəhsil, 2000-ə yaxın məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və bir neçə direktorun neqativ davranışı bu sistemin tamamına şamil edilə bilməz:

“Cəmiyyət və mətbuat olaraq başa düşməliyik ki, əgər bir neçə problemli direktor və ya müəllim varsa, yalnız onlar təqsirləndirilməlidir. Kifayət qədər şəffaf işləyən və qanunvericiliyə uyğun fəaliyyət göstərən təhsil rəhbərləri mövcuddur. Amma təəssüf ki, qaydalara riayət etməyən şəxslər də”.

Ekspert təhsili idarə edən şəxslərin bu sahəyə yad olduğunu vurğulayıb:

“Başda təhsil naziri Emin Əmrullayev olmaqla, şirkətlərdən gətirilən dostları, tanışları, tələbə yoldaşları bu sahədə mühüm vəzifələr tuturlar. Təəssüf ki, bunun acı nəticələrini yaşayırıq. Ölkənin təhsil müəssisələrində nə təhsil, nə də tərbiyə mühiti qalıb. Tədris verən şəxslərin özlərinin belə təhsil təcrübəsi yoxdur”.

E. Qafarov əlavə edib: “Əgər imtahanlar ən yaxşı direktorluğa namizədləri seçmək üçün keçirilirsə, o zaman niyə bu neqativ hallara yol verənlər elə məhz imtahanla işə qəbul olunanlardır? Deməli, təhsil müəssisələrinin idarəçiliyində də ciddi problemlər var. Buna görə məsuliyyəti Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi daşıyır”.

Ekspert daha bir mühüm məqama toxunub:

“Təhsil Nazirliyi bu cür direktorların işlərini prokurorluğa göndərmir. Çünki onlar “informasiya daşıyıcısı”dır və istintaq zamanı nazirlikdə çalışan şəxslərlə bağlı xoşagəlməz detallar üzə çıxa bilər. Araşdırmalar göstərir ki, bu neqativ hallara yol verən şəxslər əsasən “xüsusi yollarla” işə təyin olunanlardır. Nazirlik buna görə onları hüquq-mühafizə orqanlarına təqdim etməkdən çəkinir”.

Ekspert bildirib ki, bəzi neqativ davranışlara yol vermiş şəxslər cəzalandırılmaq əvəzinə, sadəcə başqa məktəbə keçirilir:

“Təcrübədə belə hallar var. Eyni əmələ görə biri işdən çıxarılır, digəri isə töhmət alır. Bu da həmin şəxsin kimə bağlı olduğundan asılıdır. Əgər “xüsusi yolla” direktor təyin olunubsa, ona sadəcə xəbərdarlıq edilir və yeri dəyişdirilir. Əgər imtahanla işə götürülübsə, o zaman birbaşa işdən uzaqlaşdırılır. Bu da sistemin necə işlədiyini açıq şəkildə göstərir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90