Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Müzakirə zamanı Qriqoryan İsraillə İran arasında 12 gün davam edən müharibədə həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.
Tərəflər Ermənistanla İran arasında ikitərəfli əməkdaşlıq gündəliyini və regiondakı son prosesləri müzakirə ediblər.
Əsas müzakirə mövzularından biri regional kommunikasiyaların açılması məsələsi olub. Qriqoryan bir daha vurğulayıb ki, Ermənistan bu məsələdə ərazi bütövlüyü, suverenlik və milli yurisdiksiya prinsiplərinə əsaslanır. Bu, birbaşa olaraq Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasına qarşı mövqe kimi qiymətləndirilir.
Əhmədian da İranın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu bəyan edərək Ermənistanın yanaşmasını dəstəklədiyini bildirib. Tehran dəfələrlə bəyan edib ki, regionda eksterritorial (yəni, suveren dövlətin nəzarətindən kənar) dəhlizlərə qarşıdır.
Telefon danışığında tərəflər regional sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini də vurğulayıblar.”AzPolitika.info”