image-rt-reklam
image-5backend

“Təbəssüm Yarat” Xızıda -FOTOLAR

image-728x90

“Təbəssüm Yarat” komandası ucqar dağ kəndlərində yaşayan imkansız ailələrin övladlarına isti geyim, ayaqqabı, məktəbli çantası və digər məktəb ləvazimatları aparmaq üçün yola çıxdı yenə. Təmənnasız və umacaqsız yardımsevərliklə məşğul olan 30 nəfərlik könüllü komanda qorxulu, vahiməli dağ keçidlərini aşaraq məktəblilərin dadına çatmağa çalışıblar. Toplanan ianələr hesabına alınan ləvazimatlar və geyimlər ehtiyacı olanların hər birinə paylayıb onları sevindiriblər. Komandanın göstərdiyi dəstək məktəbəqədərdən tutmuş ta ki, 11-ci sinfə qədər bütün şagirdlər arasında bölünüb. Məqsəd – onların gələcəyinə işıq tutmaq, savadlı mütəxəssis, müəllim, həkim kimi böyümələrinə dəstək olmaqdır. Ən əsası isə uşaqların üzündə təbəssüm yaratmaqdır.

“Təbəssüm Yarat” indiyədək 22 rayonun 56 kəndinə baş çəkərək, 13 min məktəbliyə sevinc bəxş edib. Komandanın rəhbəri İbrahim Əmirov deyir: “8-ci sinfə qədər oxudum, amma maddi imkansızlıq ucbatından təhsilimi yarımçıq qoydum. Həyatın çətinlikləri də o gündən başladı. Kiçik yaşlarımdan işlədim, amma bu məni zəiflətmədi, əksinə gücləndirdi. Özümə söz verdim ki, insanlara faydalı olacağam. Yardımsevər bir komanda yaradacaq, onların sayəsində ehtiyaclı uşaqları sevindirəcək, təhsil almaları üçün var gücümlə çalışacağam. Və inandım ki, onların təhsilinə az da olsa bizim də işığımız düşəcək. Artıq 8 ildir ki, bu yol davam edir və davam edəcək də. Çünki yol çox uzundur”.

13 sentyabrda komanda Xızının Tıxlı kənd orta məktəbinə səfər edib. 55 uşaq üçün ayaqqabı, əlcək, papaq, eləcə də dəftər, qələm, albom, termus, rəngli kağız və digər ləvazimatlarla dolu olan çanta hədiyyə edilib.

Komandanın şüarı sadə, amma mənalıdır: “Bir uşaq gülərsə, dünyamız gülər”.

Hər səfərdə könüllülər uşaqlarla söhbət edir, onların arzularını dinləyir və təhsilin nə qədər önəmli olduğunu onlara izah etməyə çaslışırlar. İbrahim bəy deyir: “Uşaqların gözlərində sevinci görəndə, onların bizə şeir söylədiyini, himni oxuyarkən əllərini ürəklərinə qoyduğunu izləyəndə anlayıram ki, amalıma çatmışam”.

Xızı səfəri həm yadda qalan, həm də unudulmaz olub. Müəllimlər və valideynlər komandaya gülərüzlə qonaqpərvərlik göstəriblər, onlar üçün çay süfrəsi hazırlayıb, hətta “Təbəssüm Yarat, xoş gəlmisiniz” adlı tort da bişiriblər.

Səfər Xızı televiziyası tərəfindən də işıqlandırılıb. Uşaqlar könüllülərə “müəllim” deyə müraciət ediblər. Bu xitab könüllüləri elə sevindirib ki, bəziləri doğrudan da müəllim olmaq istədiyini dilə gətirib. Hətta uşaqların arzularını yazmaları üçün xüsusi dəftər aparılıb. Balacalar öz xətləri ilə istəklərini yazaraq, komandaya həm bu gün, həm də gələcək üçün xatirə bəxş ediblər. Yolların uzunluğu, qarşıya çıxan çətinliklər könüllüləri yormayıb. Çünki – sevgi yormaz, yorsa da, yenə sevgi yorğunluğu aparar.

İlahə Həbib

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90