image-2000x150
image-milli-780x450backend

Tarixləşmiş iclasda tarixi çıxış

image-728x90

Azərbaycanda ictimai-siyasi mühit dövlətçilik baxımından dəyərləndirilib. Bu mühit dövlətin daxili siyasətində ictimaiyyətin rolu ilə yaradılır, formalaşır. Bu baxımdan yaranan siyasi mərhələlər həmişə dövlətçilik müstəvisində həll edilir. Mühüm dövlətçilik təşkilatlarından olan Milli Məclisin yeni tərkibdə formalaşdırılması da belədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında çıxışında istər dövlətçilklə, istərsə də beynəlxalq münasibətlərlə əlaqəli bəzi gərəkli məqamlar şərh edilmişdir. Bu, gələcək fəaliyyət üçün istiqamətverici tezislər idi…
Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsinin başlıca səbəbi aparılan sistemli islahatları dərinləşdirmək, Milli Məclisin fəaliyyətini daha mütəşəkkilliklə təşkil etmək idi. Bunu tarixi zərurət yaratmışdı. Yəni bu seçkilər sistemli islahatların davamı oldu. Avropa İttifaqının obyektiv bəyanatı bu seçkilərə təkcə dövlətçiliklə deyil, həm də bəşəriliklə əlaqəli münasibətdir: “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan Parlamentiylə işləməyə hazırdır”. Bu, həm seçkilərin tanınmasının təsdiqi idi, həm də Azərbaycan Respublikasının Milli Məclisinə inamın.
Hər ölkədə müxtəlif partiyalar fəaliyyət göstərir. Çoxpartiyalılıq fikir plüralizmi deməkdir. Lakin bu, mahiyyət baxımından dövlətçiliklə səsləşməli, dövlətçilik təsisatlarının tələblərinə cavab verməli, milli mentalitetə, milli-mənəvi dəyərlərə müvafiq qurulmalıdır. Bu seçkilərdə müxtəlif partiyaları əhatə edən namizədlər iştirak etmişdi, yəni bu seçkilər cəmiyyətin seçicisi olmuşdu. Rəqabətin nəticəsi olan seçkilərin obyektivliyi şəxssizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında çıxışında demişdi: “Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələtin rəhbərliyində təmsil olunur. Sözü gedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində möhkəmləndirmək üçün böyük əhəmiyyətə malikdir”. Bu kəlamlar təkcə deputatların deyil, hər bir vətəndaşın fəaliyyətində sövqedici amil hesab edilməli idi, edildi də. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşdırıldı, inkişaf etdirildi, məqamında dövlət-vətəndaş birliyinin təmsilinə çevrildi. Bu, özünü az sonra – həmin ilin payızında, daha dəqiqi, İkinci Qarabağ müharibəsində daha əhatəli göstərdi…
Ölkə başçısı çıxışında onu da demişdi ki, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu fikirlər gələcək fəaliyyətin nəzəri konturlarını göstərirdi və daha geniş inkişaf naminə fərdi fəaliyyətlərin ayrılıqda və vəhdətdə yeniləşdirilməsinin zərurililiyini xatırladırdı. Bu xatırlatma, birmənalı şəkildə, vətəndaşlıq borcunun tərkib hissəsi oldu.
Dövlət qanunvericiliyin mühafizəkarlığı ilə daha da möhkəmlənir. Bu tədbirdə qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atıldığını qeyd edən cənab Prezident sonra demişdi: “Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında bütün dövlət orqanlarında”. Bu fikirlər cəmiyyəti neqativ hallardan, arzuolunmaz hadisələrdən, faktlardan qurtarmaq, Azərbaycanı daha güclü dövlət etmək istəyinin təzahürüdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev daha sonra belə proseslərin davamlı olacağını da bildirərək cəmiyyət üçün gərəkli bir sahənin daha dinamik əsaslarla inkişaf etdirilməsinin, formalaşdırılmasının gərəkliyini də vurğulamışdı. Bu, Azərbaycanda gənclər siyasətidir: “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demokratik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur”.
Azərbaycan bəşəri dövlətdir, bu baxımdan onun xarici siyasətində də, daxili siyasətində də dünyəvilik prinsipi qorunur, mühafizə edilir. Bu, həm də Azərbaycan dövlətçiliyinə ehtiram deməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında demişdi: “Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı Azərbaycan gerçəklikləri haqqında məlumatlandırma, gələcək fəaliyyətin konturları haqqında informativ bilgi vermə missiyası kimi tarixləşdi…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90