Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat kilometr, əhalisi 202200 nəfərdir. Rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Bu şəhər Qarabağın giriş qapısı sayılır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.
Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı,ağ ev deməkdir.
Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri var.
Rayonun ərazisində 1950-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar.
Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib.
Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olub.
XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid möhtəşəm kurqanın tapılması bir daha sübut etmişdir ki, tarixi abidələr ilə Ağdam çox zəngin yerlərdən biridir. Kurqanda e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar aşkar edilmişdir. Bu abidənin varlı bir insanın qəbri olduğu məlum olduğu görünmüşdür. Bu isə onu göstərir ki, həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmışdır. Daha sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlamışdır ki, onlardan biri də Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi. Bu tayfalardan biri də yüksək mədəniyyətə malik olan Qarqarlardır ki, Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar.
Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəkliyi isə 1365 metrdir.Əsasən mülayim isti, quraq subtropik iqlimə sahib olan, yüksəklik artdıqca iqlim mülayimləşən Ağdamda ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntının miqdarı 300-550 mm-dir. Məşhur Qarqar və Xaçın çayları məhz bu ərazidən axır. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli hesab olunur. Qarabağ düzünün dağətəyi hissəsində yerləşən rayonda dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınmışdır. Faydalı qazıntılarla zəngin olan Ağdamda əsasən əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.
Rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəb, 4 fəhlə-gənclər; 1 qiyabi orta, 2 kəndli gənclər məktəbi, 4 orta ixtisas təhsili məktəbi var idi. Dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərib.
Azərbaycanın Qarabağ regionunda mədəniyyətin inkişafını göstərən sadə tikinti materiallarını yeni formalı və bədii tərtibatların əvəz etdiyi müşahidə olunur. Belə materiallara bir çox rayonda, həmçinin, Qarabağ regionunun bir sıra rayonları (Bərdə, Füzuli, Xankəndi, Şuşa və s.) ilə bərabər Ağdamda aşkar edilmiş künclərində qoç başı təsvir olunmuş kapitel (sütun başlığı) və formalı daşlar aiddir.
Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilib. Ağdam bölgəsində Xaçın – Dərbəndli kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, həmçinin, Ağdam tarix diyarşünaslıq muzeyi Qurban Primovun xatirə muzeyi, Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi olub.
XX əsrin 70-ci illərində dünyada cəmisi bir neçə yerdə mövcud olan çörək muzeyindən biri də Ağdamda yaradılıb. Həmin muzeydə çörəyin istehsalı üçün lazım olan hər cür alət və avadanlıqlar toplanıb. Muzeydə uzaq əsrlərdən qalmış, daş yaddaşlara çevrilmiş daş alətlər çoxluq təşkil edirdi. Muzeyin Ermənistan hərbiçilərinin Ağdamı işğalı zamanı dağıdıldığı bildirilir. 2008-ci ildə Lonely Planet jurnalı Ağdamı bölgədəki dağıntıların miqyasına görə Qafqazın Xirosiması adlandırıb. 2010-cu ildə Əl-Cəzirə Ağdamı ruhlar şəhəri siyahısına salıb. 2014-cü ildə alman bəstəkarı Hausçka fortepiano üçün yazılan bəstəni Ağdama həsr edib.
1993-cü il iyulun 4-də erməni qüvvələri Ağdama zərbələr endirib, şəhərin əksər hissəsini məhv ediblər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunub. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub.
Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə 6000 nəfərə qədər şəhid, 3531 nəfər əlil olub, 1871 uşaq yetim qalıb. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşüb.Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdam Birinci Qarabağ müharibəsi zamanı ən çox şəhid vermiş rayondur. Allahverdi Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev, Raquf Orucov və s. kimi igid oğulların vətənidir.
29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən erməni qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfinin qələbəsi ilə Ağdam rayonu da daxil olmaqla Qarabağ ərazisinin böyük hissəsi erməni işğalçılarından azad olundu. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan birgə bəyanata əsasən 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın rayonları bir güllə belə atılmadan düşmən işğalından azad edildi.
26 noyabr 2020-ci ildə Ağdamın azad olunmasına görə medal təsis edildi. Prezidentin sərəncamı ilə 5790 nəfər hərbi qulluqçu bu medalla təltif edilib.
28 may 2021-ci ildə ictimaiyyətə təqdim olunan Ağdamın Baş Planı əsasında şəhərdə yenidənqurma işləri davam edir.
31 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş şəhərlər üçün şəhər günləri təsis edilmişdir. Həmin sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.
Bu əlamətdar gün münasibəti ilə ağdamlıları və bütün xalqımızı təbrik edirəm.
Həqiqət Gülalıyeva
Bakı şəhəri Nizami rayon 210 saylı tam orta məktəbin direktoru, tarix müəllimi.