Azərbaycanda milli-azadlıq hərəkatı genişlənirdi. Hərəkat milli düşüncələrin hərəkatı idi – tarixi öz axarına qaytarmaq niyyətinin hərəkatı idi, xalqın hərəkatı idi. Nəsiman Yaqublu da heysiyyətiylə, düşüncəsiylə, qələmiylə-sözüylə hərəkatın iştirakçılarının sırasındaydı. Bu dönməz hərəkat Ermənistanın Azərbaycandan ərazi iddiasına görə başlamamışdı, bu əsassız ermənilik iddiası azərbaycançılıq məfkurəsinin, Azərbaycan dövlətçiliyinin bərpa olunması niyyətinin mübarizəsini açıq müstəviyə çıxartmışdı. Bu mübarizə ötən əsrin əvvəllərində genişlənmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası quruldu. 24 aydan sonra imperiya onu ilhaq eləsə də, xalqın mübarizəsi davam etmişdi – ürəklərdə, düşüncələrdə, ədəbi-bədii, tarixi əsərlərdə. Ötən əsrin 90-cı illərində Nəsiman Yaqublu milli-azadlıq hərəkatının başlanğıcından 1991-ci il oktyabr ayının 17-nə kimi, müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilənə kimi davam etməsində cəfakeşlərin sırasnda olub, mübarizlərdən biri kimi tanınıb, sevilib. O da əmin idi ki, bu hərəkat əbədiyyən olacaq…
Söz adamı kimi, düşüncələr əsgəri kimi Şərqdə ilk demokratik cümhuriyyəti “mən”inin idealı bilirdi Nəsiman. Azərbaycan Demokratik Respublikasının qurucularının, mübarizlərinin, mücahidlərinin, müsavatçıların təqib edilməsini, tarixin (imperiyanın yaratdığı dövlətin) üzqaralığı bilirdi. Bu təqiblərin necə yarandığını da öyrənmişdi, necə gündəmə gətirildiyini də, mexanizmini də. Və 1990-cı ildə stalinizmin azərbaycanlılara qarşı siyasi repressiyalarını ümumiləşdirdi, bu repressiyaların qurbanları haqqında “Ağrılı ömürlər” kitabını yazdı. O ömürlərin ağrıları dövlətçiliyin süqutu olub, bu süquta görə mübarizlərə verilən işgəncələr olub. Yedəkçisi imperiya olan dövlətdə mübarizə əzmi yaşadılıb, İmperiyanın xalqın ruhunu ilhaq etməyə gücü çatmayıb. “Ağrılı ömürlər” kitabının ədəbi-bədii (və tarixi!) mahiyyəti bu tarixi gerçəkliyi ifadə edir; Nəsiman Yaqublu o ömürlərin söz qardaşı olub…
Nəsiman Yaqublu 1991-ci ildə Azərbaycan Demokratik Respublikasının ideyalarından, ideyalarının mübarizlərlə tarixə necə keçdiyini – yaradıldığını əhatə edən bir kitab yazdı. Bu kitab həm də bu dövlətin qurucusu olan Məhəmməd Əmin Rəsulzadə haqqında kitabdır. Bu kitab (tarixi-publisistik kitab) sələf-xələf sədaqəti ilə yazıldığından tarix üçün də gərəkli kitabdır, düşüncələr üçün də, gənclərin, yeniyetmələrin dünyaduyumu üçün də…
Azərbaycanda elan edilmədən başlayan müharibə gedirdi…
Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalıda qırğın törətdi. Jurnalist Nəsiman Yaqublu vətəndaş heysiyyəti ilə, azərbaycançılıq heysiyyəti ilə çox qısa müddətdə bu dəhşətli cinayətə tarixi-ədəbi şahidlik edəsi bir kitab yazdı; elegiya da deyə bilərik ona, publisistik təəssürat da, tarixi ümumiləşdirmə əsasında yazılmış tarixi əsər də: “Xocalı qırğını”. 30000 nüsxə ilə nəşr edilən bu kitab qırğının niyə törədil-diyini də, şahidlərin (qırğında sağ qalanların, əl-ayağını don vuranların, ciyərparası qucağında keçinənən gəlinlərin, atasını, bacısını qarda-çovğunda dəfn etməyə imkanı olmayan, gücü çatmayan oğulun…) dedikləri əsasında hazırlanan “Xocalı qırğını” kitabı Xocalı faciəsi haqqında yazılmış ilk nəşrlərdən biri kimi dünyəvi dövlətlərin də diqqətini çəkdi, bir neçə xarici dilə tərcümə edildi. On minlərlə oxucu XX əsrin faciəsi haqqında tarixin bədii ifadəsini istedadlı (və milli ruhun söz əsgəri!) jurnalist Nəsiman Yaqublunun təqdimatında oxudu. Kitab heysiyyətlə, bədii sözə səxavətlə yazıldığından oxucular Xocalı faciəsini bəşəri faciə adlandırır. Bu, Nəsiman Yaqublunun təfəkkürünün (və bədii düşüncəsinin) hünəridir…
Azərbaycanı sevirdi Nəsiman, özünün ruhunda qurduğu Azərbaycanın dünənlərini də sevirdi, bu gününü də, sabahlarının daha nurlu olacağına inanırdı. Birinci Qarabağ müharibəsi onun da yaradıcılığında söz təhkiyyəsi oldu. Az sonra peşəkar jurnalist kimi, vətənpərvər jurnalist kimi onu “Xalq ordusu” (indiki “Azərbaycan ordusu”) qəzetinin baş redaktoru təyin etdilər. Qəzetdə daha geniş informasiya yükünə malik olan məqalələr dərc olunmağa başladı, bu baxımdan vətənpərvərlik məqalələri qəzetin başlıca qayəsi oldu…
Həmin vaxtlarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində müəllim işləyirdi. Auditoriyalarda jurnalistika tarixindən mühazirələr oxuyurdu. Müəllim idi. Baş müəllim oldu, sonra dosent, sonra professor. Tanıdığım tələbələri onu xoş xatirələrlə yada salır. “Nəsiman müəllim tələbələri imtahanda da öyrədirdi, bilmədiklərini deyirdi, tələbə deyilənləri təkrar etməyincə ondan əl çəkmirdi. Bu, təkcə qiymət yazmaq üçün deyildi. Öyrədən idi Nəsiman müəllim…” – tələbələrindən biri belə dedi…
Nəsiman Yaqublu həm də tədqiqatçı idi. Tariximizin demokratik cümhuriyyət dövrünü tədqiq edirdi, bu dövrün düşüncə sisteminə heyranlığı neçə-neçə tarixi əsərin yazılması – tarixləşməsi ilə nəticələndi. Tam məsuliyyəti ilə deməliyik ki, böyük əqidə sahibi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda ən böyük (və sədaqətli!) tədqiqatçısı tarixçi-alim Nəsiman Yaqublu olub. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Nəsimanı “canı-ciyəri” bilirdi, onlar ruh qardaşı idilər…
Azərbaycanda mətbuat tarixi ilə ciddi maraqlanan (və bu marağın cəfakeşi olan!) jurnalist Nəsiman Yaqublu elmi araşdırmaların da Nəsiman Yaqublusu idi. O, 2001-ci ildə “Azərbaycanda milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi, tarix elmləri namizədi alimlik dərəcəsi aldı.
Tarix elmləri namizədi Nəsiman Yaqublu nəzəriyyə (tarix) ilə praktikanı (sözün, mətbuatın, ədəbi, tarixi əsərlərin) əlaqələndirən, onlar arasında yaradıcılıq ayrılmazlığının metodologiyasını yazdığı əsərlərlə yaratmağı bacaran jurnalist idi…
Azərbaycanda mühacirət ədəbiyyatımız haqqında xeyli əsərlər yazılmışdı, ədəbiyyatşünaslığımız bu haqda fikirlər demişdi. Mühacirət mətbuatımız öyrənilməli, sistemləşdirilməli idi. Həm də ideoloji fərqlər nəzərə alınmadan Azərbaycan jurnalistikasının tərkib hissəsi kimi öyrənilməli idi. Bu məsuliyyətli tarixi missiyanı Nəsiman Yaqublu yerinə yetirdi. Həm də elmi müstəvidə. 2014-cü ildə “Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı” mövzusunda doktorluq disseratsiaysı müdafiə etdi, tarix elmləri doktoru alimlik dərəcəsi aldı…
Nəsiman Yaqublu Azərbaycan mətbuat tarixinin cəfakeşi kimi elmi konfranslarda fəal istirak edirdi. Hər konfransda yeni bir mövzuda, yaxud əvvəllər yazdığı mövzuya yeni tarixi yanasmalarla hazırladığı mövzuda məruzə ilə çıxış edirdi. 2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr olunmuş konfransda, 2015-ci ilin oktyabrında Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında çıxışları da bu baxımdan maraq doğurmudu. Sonralar bu maraq elmi əməkdaşlığa səbəb olmuşdu.
“Jurnalistikada hər məqalə oxucu ilə yeni görüş olduğu kimi, hər elmi məqalə də elmi işçilərlə yeni görüşdür…” – tarix elmləri doktoru Nəsiman Yaqublu belə deyirdi, məqaləni də, elmi məqaləni də eyni məsuliyyətlə hazırlayırdı…
Tarix elmləri doktoru Nəsiman Yaqublunun tarixi, tarixi-publisistik, publisistik əsərləri Azərbaycanda, Türkiyədə, Polşada nəşr edilib. “Xarici ölkələrin jurnalistikası”, “Kaspi” qəzetinin yaranması və fəaliyyəti”, “Azərbaycan mətbuatı. Gizli nəşrlər” və s. kimi dəyərli əsərləri təkcə jurnlistika tariximiz kimi deyil, həm də tariximiz kimi öyrənilir. Bu kitablar deyir ki, “Sən yanmasan, mən yanmasam, biz yanmasaq Necə çıxar qaranlıqlar aydınlığa?!”…
Professor Nəsiman Yaqublu Müsavat Partiyası Divanının 12 iyul 2024-cü il tarixli növbədənkənar iclasında növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd seçilmişdi. Bu seçim azərbaycançılıq ideologiyasına sədaqətin seçimi idi, Azərbaycanın dövlətçilik tarixinə, mətbuat tarixinə ehtiramın seçimi idi.
Seçicilər ilə görüşə getmişdi Nəsiman. 5 gündən sonra seçicilər tanıdıqları, əsərlərini oxuduqları, Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyətini nəşr etdirdiyi əsərlərlə öyrəndikləri alimə, vətəndaşa səs verəcəkdilər; avqustun 25-də Cəbrayıl rayonu ərazisində avtomobil qəzasında həlak oldu…
Nəsiman Yaqublunun müstəqillik dövrünün mətbuatının yeni imzalarla formalaşmasında böyük xidmətləri olub. Universitetin jurnalistika fakültəsinin tələbələrinə mətbuat tarixindən mühazirələr oxuyurdu, təhlilə cəlb etdiyi məqalələrin sənətkarlıq xüsusiyyətlərini də göstərərdi. Bunları müasir jurnalistika ilə olduqca həssaslıqla əlaqələndirərdi ki, bu da təcrübi öyrətmə prosesi olurdu; Nəsiman müəllim tələbələrin mövzu üçün janr seçmək bacarığını həm də belə formalaşdırırdı.
“Yazacağımız mövzunun janrını çox vaxt Nəsiman müəllimin mühazirələrindən sonra qətiləşdirirdik…” – tələbələrindən biri belə demişdi…
Nəsiman Yaqublu işıqlı insan idi. Onunla söhbətləşənlərin könlü açılardı – tariximizin tarixindən danışardı, mübarizlərdən danışardı, söhbətləşəndə hər dəfə nəsə yeni fakt, yeni hadisə öyrənərdik. Zəngilanımızdan danışardıq – 2020-ci ilin payızına kimi ağrı-acılarla, 2020-ci ilin payızından sonra qürurla; təkcə Zəngilanın deyil, işğal olunmuş bütün ərazilərimizin azad olunmasına görə…
“Həsən bəy Zərdabi” mükafatına, “Hacı Zeynalabdin Tağıyev” Milli mükafatına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”, “BDU-nun 100 illiyi (1919-2019)” yubiley medallarına layiq görülmüşdü Nəsiman Yaqublu.
Professor Nəsiman Yaqublu tarixdə də yaşayacaq, xatirələrdə…
Tariximizi yaşadırdı Nəsiman Yaqublu…