image-2000x150
image-1backend

TANINMIŞ PROFESSOR DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR – TƏFƏRRÜAT

image-728x90

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimya üzrə elmlər doktoru, professor Raya Nəcəfovanın dələduzluqda təqsirləndirildiyi iddia edilir.

“Qaynarinfo”-nun məlumatında bildirilir ki, bir müddət əvvəl Raya Nəcəfova barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq- təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Artıq ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Raya Nəcəfova barəsindəki cinayət işinin məhkəmə istintaqı hakim Rauf Daşdəmirovun sədrliyi ilə aparılacaq.

Bu barədə Vahid Məhkəmə Portalında da məlumat yerləşdirilib. Məlumatdan aydın olur ki, iş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Təfərrüatlar barədə isə bilgi yoxdur.

Ümumiyyətlə, bu cinayət işi haqqında hər hansı rəsmi məlumata rast gəlinmir.

2020-ci ildə mediada Yasamal rayonu, Ç.Mustafayev küçəsi 43 ünvanındakı binanın 18 sakininin Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verməsi haqqında məlumat dərc edilib. İcra hakimiyyətini məhkəməyə verən sakinlər arasında Raya Nəcəfovanın da adı var.

Raya Nəcəfova və digər sakinlər Yasamal Rayon İcra Hakimiyyətini və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətini 15 mərtəbəli binanı müvafiq dövlət qərarı olmadan özbaşına sökmək adı altında ələ keçirmək istədiklərini iddia ediblər. Ehtimal olunur ki, onun barəsindəki cinayət işinin kökündə bu qalmaqal dayanır.

Bundan başqa, həmin materialda Raya Nəcəfova Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı kimi təqdim edilir. Hər iki şəxsin ata adı və soyadı üst-üstə düşür. Digər tərəfdən, hər iki şəxs barəsində bioqrafik məlumatlarda qeyd edilib ki, onlar Naxçıvan Muxtar Respublikası Şərur rayonun Oğlanqala kəndində anadan olublar. Bu da Raya Nəcəfova ilə İsa Nəcəfov arasında yaxın qohumluq bağının olması barədə iddiaların əsassız olmadığına şübhələri artırır.

“Qaynarinfo” dəqiqləşdirmələr aparmaq üçün əvvəlcə AMEA ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, Raya Nəcəfova bir müddətdir işdən çıxıb. Halbuki, akademiyanın saytında o, hələ də Azad Həmkarlar İttifaqınının sədr müavini kimi təqdim edilir.

Qurumdan Raya Nəcəfovanın hansı səbəbdən işdən çıxdığı barədə açıqlama verilməyib. Bizimlə danışan AMEA əməkdaşı onun barəsində cinayət işinin olub-olmaması barədə heç nə deyə bilməyib. “Məlumatımız yoxdur”, deyə o qeyd edib.

Qaynarinfo Konstitusiya Məhkəməsi ilə də əlaqə saxlayıb. Lakin mətbuata məsul olan şəxs zənglərimizə cavab verməyib.

İsa Nəcəfovun özü ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, İsa Nəcəfov 1979-cu ildən başlayaraq 1993-cü ilədək Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində İşləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib. 22 mart 2002-ci ildə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 6 aprel 2012-ci ildə yenidən Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90