Bu gün tanınmış şair-publisit , əməkdar jurnalist Tahir Talıblı 75 yaşını qeyd edir.
Tahir Talıblı 1948-ci ilin fevralın 22-də Qərbi Azərbaycanın Cəlaloğlu elinin Evli kəndində doğulub. Evli kənd orta məktəbini bitirdikdən sonra təhsilini 1968-1972-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Filologiya fakültəsində təhsil alıb.
1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi olaraq başlamış, 1975-1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980-1988-ci illərdə isə direktoru vəzifəsində çalışıb.
1988-ci ildə Ermənistan hakimiyyətinin ekstremizi, təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur qalıb və həmin ildən Bakı şəhərində yaşayır.
1970-ci ildən poetik əsərləri, publisistik yazıları dövri mətbuatda çap edilib. İlk şeirləri “Azərbaycan gəncləri” qəzetinin səhifələrində dərc olunub. Tahir Talıblı “Yeni fikir” qəzetinin əməkdaşı, 1992-1993-cü illərdə isə baş redaktoru olub.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışıb. (1993).
2021-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radiosu “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru olub. Bu illər ərzində xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə gedib.
“Bulaq”, “Gündoğandan günabatana”, “Yazıya pozu yoxmuş”, “Xeyrə qənşər”, “Aşıq gördüyün çağırar” ,”Yerin-yurdun adın andım”, “İlmə”, “Şirvan nəfəsi”, “Divani” saz-söz məclisi, “Dastan saatı”, “Qərib axşamlar”, “Şirvan şikəstəsi”, “Tərəkəmə” folklor rəqs toplusu, “Yurd yeri”, “Soyumuz-soykökümüz”, “İrəvan çuxuru” kimi doğma adlı, milli yönlü verilişlər yarandığı gündən dinləyicilərin diqqət və marağına səbəb olub.
“Xalq yaradıcılığı” redaksiyasının verilişlərində etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səsləndirilib. Dünyanın dörd tərəfinə səpələnmiş türk xalqlarının folklor örnəklərindən geniş söhbət açılıb.
Üzü Şumerdən bəri gələn “Şu”, “Bilqamış”, “Dədə Qorqud”, “Koroğlu”, “Alpamış”, “Manas” və b. dastanlar ümumtürk varlığının dünya üzündəki varlığı kimi verilişlərin əsas mövzusudur.
“Ustad nəfəsi”, “Divani” saz söz məclisi, “Dastan saatı”, “Yurd yeri” və b. verilişlərdə aşıq sənətimiz yaradıcı şəkildə araşdırılıb, təqdim olunub.
“Sevgi harayı”, “Yazılmamış şeirlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar”, “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti”, “Bu tale dediyin”, “Qurdu qəmgin, quşu qərib”, “Vaxt vaxtında gəlir”, “Söz içində söz” – bunlar şairin oxucu rəğbəti qazanmış kitablarının adıdır.
Azərbaycan Prezidentinin 10 noyabr 2011-ci il tarxli Sərəncamı əsasında “Əməkdar jurnalist” fəxri adi ilə təltif olunub.
Tahir Talıblını 75 illik yubileyi münasibəti ilə təbrik edir, ən xoş arzularımızı yetiririk!