Azərbaycan və Tacikistanı qədim tarix, ortaq mədəni köklər, mənəvi dəyərlərə hörmət və qarşılıqlı anlaşma ruhu birləşdirir. Bu əlaqələr son illərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər və artan siyasi dialoq sayəsində yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Azərbaycan Tacikistan ilə münasibətlərin bütün sahələrdə ardıcıl inkişafına xüsusi önəm verir.
Bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad və səmimi dostluq münasibətləri ikitərəfli əməkdaşlığın strateji əsasını təşkil edir. Ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq gündən-günə genişlənir. Tacikistan Prezidentinin bu ilin əvvəllərində Bakıya rəsmi səfəri zamanı imzalanmış sənədlər paketi əlaqələrimizin yeni mərhələyə keçidini təmin edib.
Xüsusilə nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi regionun inteqrasiyasına mühüm töhfə verir. Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən ticarət yolları üzərində yerləşən Azərbaycan və Tacikistan, nəqliyyat-logistika layihələrində fəal əməkdaşlıq edərək, həm ikitərəfli, həm də çoxtərəfli əmək münasibətlərinin inkişafına xidmət edir.
Humanitar və mədəni əlaqələr də xalqlarımız arasındakı dostluq körpüsünü möhkəmləndirir. Mədəniyyət günlərinin keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, gənclər arasında mübadilə proqramları qarşılıqlı anlaşmanı daha da dərinləşdirir.
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda qarşılıqlı etimada, mehriban qonşuluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasət yürüdür. Dövlət başçımızın çıxışı həm regional, həm də ikitərəfli münasibətlər kontekstində dərin məzmun kəsb edir və xüsusilə Tacikistan ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin müsbət dinamikasını bir daha təsdiqləyir.
Bakı Qızlar Universiteti tələbəsi Nurcan Talıblı
Nəsimi rayon gənci