1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin təcrübəli və müdrik siyasəti nəticəsində qısa müddətdə xarici və daxili siyasətdə böyük dönüş yarandı, dünyanın aparıcı dövlətləri ilə, beynəlxalq təşkilatlarla Azərbaycan arasında münasibətlərdə bir siyasi inam yarandı.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemində yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
1995-ci ilin 12 noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan, ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının əsasını qoydu.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə ölkənin dünya birliyinə inteqrasiyası təmin edildi. Böyük İpək yolu bərpa olundu, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradıldı, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri səmərəli şəkildə həyata keçirilməkdədir.Böyük tarixi şəxsiyyət Heydər Əliyevin apardığı xarici siyasət nəticəsində beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi, bu istiqamətdə qətnamələr və bəyanatlar qəbul olundu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 2001-ci il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində çıxışında dedi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Bu kəlamlar azərbaycançılıq ideologiyasınnı mahiyyətini bir daha xatırlatmaqla müstəqil Azərbaycanın dövlətçiliyinin əbədiliyinin zəmanəti kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı, Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixində ən qüdrətli mərhələlərdən biri oldu. Bu gün həmin mərhələni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev deyirdi: “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu tarixi kəlam bir daha tariximizdə öz təsdiqini tapmış oldu.
Sənan Hüseynov – Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi