Newscenter.az xəbər verir ki, Susana Məmmədovanın növbəti görüşü Aşağı Qaramanlı kəndində baş tutub. Əvvəlcə deputatlığa namizəd və onu müşayət edən şəxslər Aşağı Qaramanlı kəndində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə qoyulmuş abidə kompleksi ziyarət edib, abidə önünə tər qərənfillər düzüb və onların ruhuna dualar oxuyub.
Deputatlığa namizədin seçicilərlə görüşü Aşağı Qaramanlı kənd Folklor Klubunun qarşısında reallaşıb. Seçiciləri salamlayan Susana Məmmədova ölkənin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyib və hər bir vətəndaşın bu prosesdə fəal olmasını arzulayıb. Seçki platforması barədə seçicilərə məlumat verən Susana Məmmədova, platformada hər bir sahəyə yer ayırdığını diqqətə çatdırıb.
Deputatlığa namizədliyinin irəli sürməsinin başlıca səbəbindən danışan xanım namizəd diqqətə çatdırıb ki, 5 ildir şəxsi vəsaiti və dostlarının dəstəyi ilə Neftçalada sosial layihələr, xeyriyyə aksiyaları həyata keçirir:
“Neftçalamıza, neftçalalılara daha çox dəstək olmaq, onların üzləşdikləri problemlər, qayğıların həllinə nail olmaq məqsədilə deputatlığa namizədliyimi irəli sürməyi qərarlaşdırdım. Sizlərin də dəstəyi ilə deputat seçiləcəyim təqdirdə Neftçalamız üçün daha çox işlər görməyi qarşıma məqsəd qoymuşam. Düzdür, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, görülən işlər Neftçaladan da yan keçməyib və rayonumuzda müəyyən işlər görülür. Ancaq onu da etiraf etmək lazımdır ki, hələ də müəyyən problemlər var və həmin problemlərin həllinə yardımçı olmaq məqsədilə seçki mübarizəsinə qoşulmuşam”.
Susana Məmmədova deyib ki, Neftçalanın problemini, neftçalalıların qayğılarını rayondakı vəziyyətdən hali olan, neftçalalı daha yaxşı bilər:
“Ona görə də hamımız birlik. bərabərlik nümayiş etdirib Neftçalanın inkişafı, tərəqqisi üçün çalışacaq, rayonun problemindən hali olacaq namizədə etimad göstərək. Məhz bu halda biz Neftçalamızı inkişaf etdirə, öz əvvəlki görkəminə qaytara bilərik2.
Susana Məmmədova seçicilərini əmin edib ki, ona etimad göstərəcəkləri təqdirdə hər bir neftçalalının əli çatacaq, səsi eşidiləcək deputat olacaq və qanunverici orqanda rayonu layiqincə təmsil edəcək.
Qeyd edək ki, deputatlığa namizəd Susana Məmmədovanın təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.