Milli Məclisin deputatı Ceyhun Məmmədov
Bu gün Şuşa bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrilibdir. Tədbirin Şuşada keçirilməsi çox önəmlidir. Artıq ikinci ildir ki, Şuşada Beynəlxalq Forum keçirilir. Beynəlxalq media nümayəndələri Azərbaycana gəlir. Şuşada bu tədbirə qatılırlar və Prezidentin mesajlarını da buradan alırlar. Təbii ki, Beynəlxalq forumun azad ərazidə, azad Şuşada keçirilməsinin də bəlli çalarları var. Yəni öz rəmzi mənası var. Bu o deməkdir ki, Azərbaycan həqiqətləri həm də Beynəlxalq ictimaiyyətə daha dolğun, daha dəqiq çatdırılması baxımından da biz bunu müsbət dəyərləndirə bilərik.
Forumda Prezident İlham Əliyev çıxışı zamanı çox mühim məsələlərə toxundu. Bu gün Cənubi Qafqaz yeni bir reallığa daxil olub. Bu reallığı Prezidentin rəhbərliyi ilə Azərbaycan yaradıb. Əslində bir çox qərb dövlətlərin əsas hədəfi və məqsədi bu torpaqların davamlı olaraq işğalda qalmasıdır. Ona görə bizə hər zaman deyirlər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız. Yalnız biz bu deyilənlərə məhəl qoymadıq, həm müharibə meydanıda bu döyüşü apardıq, həm də informasiya müharibəsində qalib gəldik.
Bu gün Qafqazda yeni bir reallıq yaranıb, çoxlarının arzusu ürəyində qalıb. Onlar Ermənistanın gücləndirilməsi üçün, daim qələbəsinin təmin olunmasına addımlar atırdılar. Azərbaycan onların bütün cəhdlərinin qarşısını alaraq Cənubi Qafqazda yeni reallığı yaratmağa nail oldu.
Bu gün Cənubi Qafqazın mərkəzi Azərbaycandır. Hər zaman cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycanın razılığı olmadan bölgədə heç bir addım atıla bilməz, heç bir plan həyata keçirilə bilməz. Bu gün bütün məsələlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Bu gün Azərbaycan qalib xalqdır. Bu gün Azərbaycan sülh istəyir. Azərbaycan sülhun şərtlərini beynəlxalq hüquqa diktə edir və bunun üçün səylə çalışır. Bir tərəfdə Azərbaycan var, sözümüz imzamızdır deyən cənab Prezidentimiz, digər tərəfdə isə yalançı, saxtakar Ermənistan. Hansı ki, cənab Prezident çox gözəl formada qeyd edib: Britaniyaya gedib görüşdən imtina edən, digər tərəfdən müxtəlif platformalardan, sülhdən və konstitusiyanın dəyişdirilməsindən dəm vuran Ermənistan bir daha özlərini ifşa etdi. Bu yeni bir mərhələdir və yeni bir mərhələyə biz hazırıq. Bu gün biz çox ciddi layihələr həyata keçiririk, biz qonşularımızla münasibətimizi inkişaf etdiririk.