image-2000x150
image-1backend

Supermarketdən aldığınız ərzaqdan zəhərlənibsiniz? – Külli miqdarda kompensasiya alacaqsınız

image-728x90

Sosial şəbəkələrdə supermarket işçisinin lazımsız məhsulları zibil qutusuna atmasını əks etdirən video yayılıb.

Şəbəkə istifadəçiləri həmin işçini tənqid atəşinə tutublar. Onlar bildirib ki, həmin şəxs məhsulları zibil qutusuna atmaq əvəzinə, qutuların yanına qoyardı və ehtiyacı olan insanlar da onu götürüb istifadə edərdilər.

Düzü, bu fikirlərin hansı məntiqlə səsləndiyi qəribə gəlir. İşçi niyə yararlı məhsulu zibil qabına atsın ki? Axı biz bilirik ki, marketlər az da olsa istifadəyə yararlı bir məhsulu nəinki zibilqabına atmaz, hətta onu necə lazımdır bəzəyib müştərilərə satarlar.

Vaxtı keçmiş, istifadəyə yarasız məhsulu ehtiyacı olan birisi istifadə edərsə, bu, onun sağlamlığına ciddi zərər verməzmi?

Qida zəhərlənməsi ilə bağlı xeyli müraciətlər olur, insanlar vaxtı keçmiş məhsulların qurbanı olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə mətbuata açıqlamasında bildirib ki, vaxtı keçmiş məhsullar marketlərdən çıxarılandan sonra toplanır və idxala qaytarılır. İdxalçı da təzədən onun mümkün qədər etiketini və tarixini dəyişir. Bizə elə gəlir ki, o, təzə məhsuldur, lakin həmin köhnə məhsulu təzə kimi alırıq.

Xeyli istehlakçı var ki, mağazalardan aldıqları qida məhsulundan zəhərləniblər. Həmin mağazalara irad bildirəndə ya “bağışlayın, bir səhv olub” deyiblər, ya da inkar ediblər ki, “bizdə köhnə mal ola bilməz”.

Hələ metroların qarşısında satılan, nə ilk, nə də son tarixi bəlli olmayan kolbasa-sosiskaları demirik. Bu məhsullar insanları anidən də olmasa, yavaş-yavaş zəhərləyir. Bütün orqanlarına ciddi zərər vurur. Bu gün ölkəmizdə sürətlə yayılan onkoloji xətəliklər də keyfiyyətsiz qidaların “bəhrəsidir”.

Öz tamahları ucbatından vaxtı keçmiş malları insanlara satan, hamımızın həyatını təhlükəyə atan, onları zəhərləyən marketlərə hansısa cəza tədbirləri görülürmü?

İstehlakçı aldığı qidadan zəhərlənərsə, həmin supermarketdən təzminat tələb edə bilərmi? Bunu sübut etmək üçün kimlərə müraciət etməlidir?

Publika.az-ın əməkdaşı bütün bu suallara aydınlıq gətirmək üçün hüquqşünas Xəyal Bəşirovun fikirlərini öyrənib.

Onun fikirlərinə görə, bütün bunlar üçün ilk olaraq ekspertiza müəyyən olunmalıdır.

“Azərbaycan Respublikasının qanunvericiliyinə görə, istehlakçıların hüququ qanunla qorunur. İstehlakçıların hüququnun qorunması haqqında qanun var. Eyni zamanda mülki qanunvericilik bu sahədə bütün məqamları tənzimləyir. İstənilən şəxs istehlakçı qismində marketlərdən və yaxud da digər iaşə obyektlərindən yemək üçün və yaxud digər ərzaq məhsulları alırsa, həmin o ərzaq məhsullari ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır. Bütün məhsulların istehlak müddəti nəzərdə tutulur və üzərində olur. Fərqi yoxdur, istehlak müddəti keçsin və yaxud keçməsin. Əgər həmin o məhsuldan kimsə zəhərlənibsə, bununla bağı müvafiq məhsulun əldə edildiyi iaşə obyektinə qarşı iddia qaldıra bilər. Burada fərqli məqamlar var. Məsələn, müddəti keçmiş məhsul marketdə satılırsa və bundan kimsə zəhərlənirsə, ekspertizada müəyyən olunur ki, bu şəxs həmin o məhsuldan zəhərlənib.

Bu halda ekspertiza rəyi olacaq. Həmin şəxs o rəy ilə müvafiq iaşə obyektinə, marketə qarşı məhkəmə qaydasında iddia qaldıra bilər. Həm sağlamlığına vurulan zərər görə kompensasiya tələb edə bilər, eyni zamanda həmin o obyektin müvafiq məhsul şəxslərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan addımları ata bilər.

Bundan öncə ilk olaraq vətəndaş, şəxs istehlakçı qismində istehlakçıların hüququnun qorunmasi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidir.

Bu xidmət İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. İlkin olaraq operativ tədbirlərin görülməsi gələcəkdə məhkəmə mübahisəsi üçün də çox əhəmiyyətli xarakter daşıyır. Səbəb odur ki, həmin anda müvafiq məhsulun həqiqətən də o müəsisədən alınması ilə bağlı məsələ dəqiqləşdirilir. Eyni zamanda ekspertiza rəyinin təyin edilməsi və alınması məsələsi də operativ şəkildə həll olunmalıdır ki, həmin şəxs gələcəkdə müvafiq məsələ ilə bağlı müraciət edərkən çətinliklərlə üz-üzə qalmasın.

Əgər məhsulun müddəti keçibsə, təbii ki, məhsulu satan mağazanın, marketin və yaxud digər iaşə obyektinin bu məsələdə məsuliyyəti var.

Əgər məhsulun müddəti keçməyibsə, şəxs ondan zəhərlənibsə, bu halda bu məhsulu istehsal edən məsuliyyət daşıyır.

Bütün bunlara görə də qanunvericilikdə iddialar var. Əgər şəxsin səhhətinə hər hansı bir ciddi zərər vurmayıbsa, bu halda inzibati məsuliyyət yaradır.

Yox, əgər ciddi zərər vurubsa və yaxud zərərçəkmiş şəxs dünyasına dəyişirsə, bu halda artıq cinayət məsuliyyəti yaranır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə, kompensasiya ödənilməsi, azadlıqdan məhrumetmə kimi cəzalar da nəzərdə tutulur”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90