Prezident İlham Əliyevin ötən ilin yanvarında media nümayəndələri ilə görüşündə səsləndirdiyi “Biz dünya miqyasında çox böyük layları tərpətdik” ifadəsi bu gün nə qədər məntiqli və aktual olduğunu sübuta yetirir. Rusiya-Ukrayna müharibəsi ilə qlobal münasibətlərin xarakterinin sərt şəkildə dəyişməsi bir daha göstərir ki, artıq ənənəvi əməkdaşlıq modelləri effektivliyini itirir və mövcud olan formatlar yeni, praqmatik, real yanaşmalar tələb edir.
Azərbaycan müstəqil dövlət kimi yeni dövr hədəfləri çərçivəsində xarici siyasətini uğurla qura bildiyindən ardıcıl diplomatik dividendlər qazanır.
Hətta, nəticələr o qədər cəlbedicidir ki, qlobal anti-Azərbaycançı şəbəkə Prezidentin imza atdığı tarixi zəfərlərə hər hansı kölgə sala bilmir. Belə zəfərlər isə çoxdur və nəinki regional, qlobal masştabda böyük rezonansa səbəb olur. Ancaq rəsmi Bakının irəli sürdüyü təşəbbüslər əsla və əsla gərginliyə deyil, sivil siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin təkmilləşməsinə xidmət edir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə qazandığı diplomatik uğurlar Cənubi Qafqazın da geosiyasi konfiqurasiyasını dəyişir və çoxtərəfli əməkdaşlıq modellərinin reallaşmasına gətirib çıxarır.
Məhz Prezident İlham Əliyevin təşəbbüskarlığı sayəsində Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digərləri ölkəmizin marağında olan məsələlərdə ciddi həssaslıq nümayiş etdirir və beynəlxalq səviyyədə Bakıya dəstək verirlər.
Qazanılmış təcrübə və diplomatik uğurlar
Mövcud reallıqları tam yəqinləşdirmək üçün xronoloji qaydada bəzi faktlara nəzər yetirək. 2011-ci ildə Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və 2012-2013-cü illər ərzində 2 dəfə şuraya sədrlik etdi. 2019-2023-cü illərdə ölkəmiz Qoşulmama Hərəkatına sədrlik missiyasını uğurla yerinə yetirdi. Azərbaycan ötən müddət ərzində Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri çərçivəsində pozitiv fəaliyyəti ilə də seçilir.
Prezident İlham Əliyevin qlobal təşəbbüskarlığı ona gətirib çıxardı ki, 2024-cü il noyabrın 11-22-də dünya dövlətləri Bakıya – COP29 sessiyasına toplaşdılar. Gələn il Azərbaycan daha bir qlobal tədbirə – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək.
Bu, ötən illər ərzində Azərbaycanın regional və beynəlxalq müstəvidə güclü etimad qazandığının göstəricisidir. Məhz bu etimadın davamıdır ki, rəsmi Bakı dünyanın supergücləri ilə qlobal məsələlərin müzakirə platformalarında bir araya gəlir və Prezident İlham Əliyevin dünyada cərəyan edən proseslərlə bağlı düşüncələrinə böyük maraq ifadə olunur.
Şanxay platforması ölkəmizə nə vəd edir?
Azərbaycanın yaxın təmaslar qurduğu birliklərdən daha biri – Şanxay Əməkdaşlıq Təşkilatının Çin zirvə görüşü qlobal çağırışlara qarşı mübarizə strategiyasının formalaşması baxımından xüsusi diqqət çəkir. Təbii,
-dünyanın ən böyük regional qurumu,
-Avrasiya ərazisinin təxminən 60 faizini,
-dünya əhalisinin 40 faizini,
-qlobal ümumi daxili məhsulun 25 faizini
təmin edən Şanxay Əməkdaşlıq Təşkilatı müxtəlif dövlətlər arasında qarşıdurmaların, ikili standartların aradan qaldırılmasında müstəsna rol oynaya bilər. Azərbaycan və Türkiyənin qurumun iclaslarına dialoq tərəfdaşı statusunda qatılması Bakı və Ankaranın tək regional deyil, qlobal münaqişələrin də birgə səylər hesabına həllinə nail olmaq istəyindən irəli gəlir. Çünki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədləri
-üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərini gücləndirmək,
-siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığı inkişaf etdirmək,
-regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylər göstərmək,
-yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımlar atmaqdan ibarətdir.
Təşkilatın yaradıcı ölkələrindən biri – əhali sayına görə dünyada 1-ci, iqtisadiyyatın həcminə görə 2-ci yerdə duran Çinlə Azərbaycan arasında sıx qarşılıqlı və dostluq münasibətləri var.
2024-cü il iyulun 3-də Astanada, 2025-ci il aprelin 24-də isə Pekində imzalanmış 2 strateji sənəd iki dövlət arasında gələcək əməkdaşlığın xarakterini müəyyən edir, faktiki, Azərbaycan-Çin münasibətlərinin “yol xəritəsi”ni formalaşdırır. Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, rəsmi Bakının isə “Vahid Çin siyasəti”nə dəstək verməsi ölkələrimiz arasında konstruktiv əlaqələrin təkcə sözlərə deyil, real əməllərə söykəndiyini sübuta yetirir.
Prezident İlham Əliyev və Çin Xalq republikasının sədri Si Cinpin arasındakı şəxsi dostluğun nəticəsidir ki, Azərbaycan lideri Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində, eləcə də Ümumdünya Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmək üçün dəvət alır. Asiya nəhəngi ilə bu gün formalaşmış ideal münasibətlər Azərbaycanın Şərq coğrafiyasında öz layiqli yerini aldığını qəti təsdiqləyir.
Azərbaycan “Liderlər klubu”na vəsiqə alıb
Azərbaycanın Qərb coğrafiyasında da eyni uğurlara imza atdığını son bir ayın hadisələri timsalında əminliklə söyləmək olar. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Birləşmiş Ştatlar prezidenti Donald Trampın iştirakı ilə imzalanmış sülh razılaşması hazırda Cənubi Qafqaz regionu üçün sabitlik və təhlükəsizliyin “vizit kartı” sayılır. Ona görə ki,
Oval kabinetdəki görüş nəticəsində
1.Azərbaycan Naxçıvana quru keçid əldə etdi və Zəngəzur dəhlizinin açılmasına nail oldu,
2.Ermənistan Bakının sülhlə bağlı bütün təşəbbüslərinə qarşılıq verdi,
3.ATƏT-in Minsk qrupunun ləğvi üçün real zəmin yarandı,
4.Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının sülhün son şərti olduğu qəbul edildi və s.
Prezidentin ABŞ səfərinin ikitərəfli münasibətlər kontekstindən də Azərbaycana böyük üstünlüklər gətirdiyini söyləmək olar. Məsələn, Donald Tramp Azadlığı Dəstək Aktına 907-cü düzəlişin tətbiqini dayandırdı. Erməni lobbiçiliyi ilə məşğul olan USAİD-in tamamilə ləğvi ilə bağlı qərar isə Ağ evin Azərbaycanın maraqlarına həssas yanaşdığının daha bir nümunəsidir.
Bir neçə gün bundan əvvəl Bakı və Vaşinqton arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun elan edilən prinsipləri tam təsdiq edir ki, Azərbaycan yenidən Amerikanı “fəth edir”, ABŞ-la yeni xarakterli münasibətlər qurur. Prezidentin Vaşinqtonda olarkən amerikalı həmkarından gördüyü diqqət Azərbaycanın Amerika ilə praqmatik əməkdaşlığa uğurlu keçid etdiyinin sübutudur.
Bir sözlə, bu gün Azərbaycan qlobal oyunçu missiyasını səmərli şəkildə icra edir. Prezident İlham Əliyevin hazırda davam edən Çin səfəri, səfər zamanı keçirdiyi görüşlər və dünya liderlərinin dövlət başçımızla müzakirələrə göstərdiyi maraq obrazlı desək, ölkəmizin “qlobal güclər klubu”na qəbul olunduğu anlamına gəlir. ABŞ, Çin və eləcə də regional aktorlarla qurulan əməkdaşlıq modelləri isə Azərbaycan xalqının uzunmüddətli maraqlarının təminini şərtləndirir.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı