image-2000x150
image-333backend

Sülhməramlıların komandanı o razılığı Bakıdan ala bildimi?

image-728x90

Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağına, görünür, nazir Zakir Həsənovla təmaslardan sonra aydınlıq gələcək
Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Lentsov ötən həftədən fəaliyyətə başlayıb. O, sülhməramlıların yerləşdirilməsindən sonra Rusiyanın Qarabağdakı hərbi kontingentinin sayca beşinci komandanıdır. İlk komandan general-leytenant Rüstəm Muradov olub, ondan sonra bu vəzifəni general-mayor Mixail Kosobokov, general-leytenant Gennadi Anaşkin və general-mayor Andrey Volkov tutub. O, bundan əvvəl (2013-2020-ci illərdə) Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini olub, general-polkovnik hərbi rütbəsinə malikdir. General Lentsov 2016-cı ildən Beynəlxalq Tank Biatlonu Federasiyasının prezidentidir. 2020-ci ilin yanvarında isə Rusiya müdafiə nazirinin müşaviri təyin olunub. Görüşün digər təfərrüatları bilinmir.

Yada salaq ki, Lentsov öncə Qarabağ separatçılarının liderləri, hətta anti-Rusiya mövqeyi ilə seçilən şəxslərlə görüşüb. Erməni mətbuatının məlumatına görə, Lentsov separatçılarla görüş zamanı onları əmin edib ki, hazırda yolun açılmasına çalışır. Yeni komandanla görüşdə Rusiyanın dövlət bayrağının olmadığı, salonda yalnız separatçıların əski parçasının mövcudluğu diqqətdən yayınmayıb. Daha sonra isə İrəvana gedən Lentsov Ermənistan Müdafiə Nazirliyində tanışlıq görüşləri aparıb. Lentsov 1990-cı ildə SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib. Üstəlik, Lentsovun ermənilərin sıx yaşadığı Krasnodarda doğulması, həyat yoldaşının isə erməni olması iddiası göstərir ki, Rusiyanın məqsədi ermənilərlə korlanan münasibətin bərpa olunmasıdır. O səbəbdən ekspertlər güman edir ki, Bakıda Lentsova hər şeydən öncə “səlahiyyət çərçivəsi” izah edilə bilərdi.

Məlumdur ki, Rusiya sülhməramlıları “Laçın” sərhəd-keçid məntəqəsində birgə fəaliyyət təklif edirlər. Mümkündür ki, Lentsov Bakıya həm də bu məsələni müzakirə etmək üçün gəlir. Azərbaycanın isə bu təklifə “yox” deməsi üçün bir çox əsasları var. Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirməsi üçün heç bir maneə olmayıb, yoxdur da. Amma o da faktdır ki, Rusiya sülhməramlıları iki il yarım ərzində bölgədə erməni silahlarının çıxarılması bir yana, onların qanunsuz əməllərinə ya göz yumub, ya da şəriklik edib.

Ekspertlərin fikrincə, Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovun Bakıdan əvvəl separatçılarla görüşməsi, üstəlik, İrəvana gedib Ermənistanın müdafiə naziri ilə fikir mübadiləsi aparması, yumşaq desək, etik deyildi. Ekspertlər hesab edir ki, Lentsov da sələfləri Muradov və Volkov kimi Rusiya Müdafiə Nazirliyindən gələn təlimatları yerinə yetirir. Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı münasibəti məlumdur. Onlar hələ də Azərbaycan ərazilərinin adını doğru-dürüst ifadə etməkdə çətinlik çəkirlər. Və 10 noyabr bəyanatında Rusiyanın üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmirlər. Əgər general-polkovnik Lentsov da sələflərinin yaramaz fəaliyyətlərini olduğu kimi davam etdirsə, o zaman Azərbaycan erməni silahlılarının ərazilərimizdən təmizlənməsini öz imkan və potensialı hesabına həyata keçirmək məcburiyyətində qalacaq.

Ekspertlər Lentsovun fəaliyyətində inqilabi dəyişikliklər gözləmirlər, amma Azərbaycanın Laçındakı sərhəd-keçid məntəqəsində həyata keçirdiyi son tədbirlərdən özü üçün bir ibrət dərsi götürəcəyinə də inamım var. Əks təqdirdə, rusiyalı sülhməramlıların missiyası nəzərdə tutulduğundan, yəni 2025-ci ildən daha tez başa çata bilər.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Volkovu əvəzləyən Lentsova böyük ümid bəsləyən Qarabağdakı ermənilər artıq məyus olur: “Erməni mediası yazır ki, nəticənin əldə edilməsi uzanır və belə görünür ki, Lentsov da Volkovdan fərqli olmayacaq. Separatçılar erməni əhalisinə ümid verir ki, Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi söküləcək, Azərbaycan bayrağı oradan endiriləcək. Lakin tezliklə real vəziyyəti anlayacaq və qəbul etməli olacaqlar. Lentsovu bölgəyə göndərən Kremlin situasiyanı dəyişmək istəyəcəyi gözləntisi var. Hərçənd sərhəd-keçid məntəqəsindən Azərbaycan əsgərini çıxara, qaldırılan bayrağı endirə bilməyəcəkləri reallığı fonunda rusların Volkovu niyə əvəzlədiyi və nəyə nail olmaq istədiyinə fərqli kontekstdə yanaşa bilərik. İstisna deyil ki, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Hazırda danışıqların bununla bağlı aparıldığına dair məlumatlar da var”.

Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağına, görünür, nazir Zakir Həsənovla təmaslardan sonra aydınlıq gələcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90