image-rt-reklam
image-1backend

SÜLEYMANİNİN “SAĞ ƏLİ”, “HİZBULLAH”IN KURATORU… – İsrailin Suriyada məhv etdiyi İran generalı kimdir?

image-728x90

İran dövlət televiziyası onun ölüm xəbərini vermək üçün proqramlarını dayandırdı. İran Prezidenti İbrahim Rəisi xüsusi açıqlama yayaraq, onun “Suriyada müqəddəs yerləri müdafiə edən müqavimət cəbhəsində xidmət edərkən şəhid olduğunu” bəyan etdi və “israillilər bu cinayətin əvəzini ödəyəcəklər” dedi. Söhbət İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı baş müşaviri, general Seyid Razi Musəvidən gedir.

İranın “Tasnim” agentliyinin verdiyi məlumata görə, Musəvi bazar ertəsi İsrailin Suriyanın Dəməşq ətrafına raket hücumu nəticəsində həlak olub. İslam İnqilabı Keşikçiləri Korpusu Musəvinin İsrailin raket zərbəsi nəticəsində öldüyünü rəsmən təsdiqləyib.

Onun ölüm şəraiti deməyə əsas verir ki, heç şübhəsiz İsrailin zərbəsinin əsas hədəfi şəxsən Musəvi olub. Belə ki, raketlər məhz onun “Zeynəbiyun” ziyarətgahının yerləşdiyi Dəməşqin Səidə Zeynə qəsəbəsindəki iqamətgahına yönəldilib. Ancaq məsələ ondadır ki, Musəvinin hərəkət trayektoriyası və yaşayış yeri İran xüsusi xidmət orqanları tərəfindən hədsiz dərəcədə məxfi saxlanılırdı. Onun harada olduğunu çox məhdud sayda adam bilirdi. Buna baxmayaraq, İsarail tərəfi hücum zamanı Musəvinin həmin evdə olduğunu dəqiq bilib və sözsüz ki, bu məlumat İran xüsusi xidmət orqanlarındakı mənbələrdən, yaxud agentlərdən qaynaqlanıb.

 

Qeyd edək ki, Musəvi 2020-ci ilin yanvarında ABŞ-nin raket zərbəsi nəticəsində İraqda öldürülən məşhur general Qasim Süleymaninin ən yaxın adamlarından biri sayılırdı. Onu hətta Süleymaninin xələfi hesab edənlər var. Belə ki, məhz Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş müşaviri olmaqla yanaşı, təşkilatın “Hizbullah” və Suriya üzrə kuratoru sayılırdı, onu İranda “Suriya müharibəsinin mühərriki” və “Hizbullahın əziz qardaşı” adlandırırdılar.

Süleymaninin ölümündən sonra onun rəsmi vəzifələri bir neçə nəfər arasında bölüşdürülməli olanda, Seyid Razi Suriya istiqamətinə rəhbərlik etməyə başlayıb. O, 30 il bu ölkədə işləyib və Suriyanı olduqca yaxşı tanıyıb. Onun hətta Suriya Müdafiə Nazirliyində öz ofisi də olub…

Maraqlıdır ki, deyilənə görə, Musəvi ölümünün yaxınlaşdığını hiss edibmiş və guya ölümündən bir neçə gün əvvəl öz ətrafındakılara yuxuda Qasim Süleymanini gördüyünü danışıb. Süleymaninin ona “sənin də şəhadəti qəbul etməyinin vaxtı çatıb”, – dediyi bildirilir. Əlbəttə ki, bunun gerçəkdən baş verdiyi, yoxsa Musəvinin ölümündən sonra onu əfsanələşdirmək üçün ortaya atılan söhbət olduğunu demək çətindir. Hər halda, İrandakı hakim rejimin belə “rəvayətlərə” və “vaqiyələrə” xüsusi önəm verdiyi, hətta bunu öz ideologiyasının tərkib hisəsinə çevirdiyi heç kimə sir deyil.

Ancaq hər halda, generalın hər an ölüm qorxusu ilə yaşaması təbiidir və o da məlumdur ki, Musəvinin düşməni təkcə İsrail olmayıb, İran rəhbərliyində, xüsusi xidmət orqanlarında da onu sevməyənlər az deyilmiş. Musəvinin koordinatlarının İsrailə ötürülməsində bu amilin də önəmli rol oynadığını istisna etmək olmaz.

Yaxşı, bəs İran İsrailin bu növbəti əməliyyatına necə, nə ilə cavab verəcək? 

Xatırladaq ki, Musəvidən daha nəhəng və tanınmış fiqur olan Süleymaninin ölümündən sonra da İran rejimi çox hədə-qorxular gəlmiş, bəyanatalar vermişdi. Lakin bunun nəticəsi İraqdakı ABŞ bazasının özünə də yox, yan-yörəsinə iki-üç raket atmaqdan uzağa getmədi ki, həmin raketlərin də bəziləri heç partlamadı belə…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90