image-rt-reklam
image-1backend

Stalinin oğlu Pskov üzərində uçub, Peskovun oğlu Maldivə uçur

image-728x90

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay barəsində yayılan xəbər unikal və maraqlıdır. Məlum olur ki, yüksək ranqlı məmurun oğlunun adı “Vaqner” hərbi şirkətinin tərkibində getdiyi halda, özü Maldiv adalarında dincəlirmiş.

Əlbəttə, bu barədə gerçəklərin ortaya çıxması nə D.Peskovun karyerasına xələl gətirəcək, nə də Nikolayın avtobioqrafiyasında qara ləkəyə çevriləcək.

Peskov adi mətbuat katibi deyil, demək olar ki, vitse-prezidentdir, nüfuzuna görə dövlətin de-fakto ikinci adamıdır. Bu saat dünya ölkələrində sorğu keçirsələr, insanlara “üç rusiyalı rəhbər şəxsin adını çəkin” deyə müraciət etsələr, adı ən çox çəkilənlərdən biri Putin, digər Peskov olar. Ola bilər, bir çoxları Lavrovun adını da siyahıya salsınlar.

Yəni adam bu qədər güclü biridir. Putin hakimiyyətdə qaldıqca Peskova və oğluna zaval yoxdur.

Bu detalı isə güman ki, Peskovun nüfuz dairəsini daraltmaq istəyənlər üzə çıxarıblar.

Əslində cidanı çuvalda gizlətmək mümkün deyildi. Əvvəl-axır bilinəcəkdi ki, Ukrayna ilə müharibənin səngərlərində hər gün hər iki tərəfdən minlərlə gənc əsgər öləndə Nikolay Peskov Maldivdə “uzun yay tətili”ndə (Maldivdə yay bitmir) gününü gün edib, kefə baxıb, əylənib, dincəlib, “döyüş stressi”ni atıb.

“İstixana mediası” isə onun “xüsusi hərbi əməliyyat zonasında xidmət etdiyi”ni iddia edir, adamın haqqında yalançı qəhrəmanlıq dastanları üfürürmüş. Kim bilir, bəlkə gələcəkdə N.Peskov sabiq SSRİ rəhbəri Leonid Brejnev kimi sinəsinə qəhrəmanlıq orden və medalları düzdürəcəkdi?

Brejnev deyəndə yada SSRİ düşdüyü kimi, SSRİ deyəndə də, bu dağılmış dövlətin rəhbərlərinin övladlarının 1941-45 müharibəsində iştirakı düşür.

Bax, bu yerdə köhnə kommunist rəhbərlərin indikilərdən nə qədər fərqli olduqları aşkara çıxır və bütün səhvlərinə, cinayətlərinə rəğmən onlara idealist donu geydirir.

Dünyanın ən böyük ölkələrindən birinin mütləq hökmdarı olan İosif Stalinin iki oğlunun ikisi də müharibədə iştirak edib.

xrus.JPG (58 KB)

 Stalinin oğlu Yakov, Xruşovun oğlu Leonid – hər ikisi müharibədə ölüb

Stalinin böyük oğlu, rəhbərin əsl soyadını (Cuqaşvili) daşıyan Yakov müharibəyə 20-ci ordunun 14-cü alayında artilleriya batareyası komandiri kimi başlayıb. Onun döyüş yolu qısa çəkib – 25 gün. 1941-ci il iyulun 16-da Belarusda gedən döyüşlərdə Yakov əsir düşüb. Almanlar onun kim olduğunu tez anlayıblar, Yakovu əməkdaşlığa razı salmaq üçün hər cür cəhd edilib. Ancaq Yakov bütün təklifləri rədd edib, atasından keçə bilməyib. Hitlerçilər Qırmızı Xaç Komitəsinin xətti ilə Yakovu öz zabitlərindən biri ilə dəyişmək istəyiblər, ancaq Stalin “sövdələşmə mümkün deyil, müharibə müharibədir” deyə oğlunu geri almaqdan imtina edib. Nəticədə nasistlər Yakovu güllələyiblər.

Stalinin ikinci oğlu Vasili də ön xətdə döyüşüb. O da istəməyib ki, barəsində “atasının kölgəsində gizlənir” sözü deyilsin. Vasili pilot olub. O, qırıcı təyyarənin şturvalı arxasına keçəndə özüylə paraşüt götürmürmüş ki, katapult edərək düşmən cəbhəsinə salamat enməyə haqqı yoxdur. O, müharibənin sonuna qədər döyüşüb və müharibəni polkovnik rütbəsində başa çatdırıb.

Stalindən sonra SSRİ-nin rəhbəri olan Nikita Xruşovun oğlu Leonid Xruşov da pilot olub, almanlarla döyüşüb. Onun haqqında ziddiyyətli məlumatlar var.

1941-ci ilin iyulunda tapşırıqdan qayıdan Leonidin təyyarəsi bir qrup alman qırıcısının hücumuna məruz qalıb. O, deşik-deşik edilmiş təyyarəsini öz tərəfində yerə endirə bilib, amma eniş zamanı ayağından ağır xəsarət alıb.

1942-ci ilin qışında Xruşov yenidən xidmətə qayıdıb və döyüşdə göstərdiyi şücaətə görə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib. Baş leytenant Leonid Xruşşovun son döyüşü 1943-cü il martın 11-də Moskvadan 300 km aralıda yerləşən Jizdra şəhəri yaxınlığında olub. Onun təyyarəsu vurulub, Leonidin cəsədi tapılmayıb və o, uzun müddət itkin sayılıb.

Başqa bir informasiyada isə Leonidin almanlara əsir düşdüyü, xəyanət etdiyi, sonra almanlardan alındığı və Stalinin onu güllələtdirdiyi, məsələnin isə ört-basdır edildiyi bildirilir.

Stalinin yaxın silahdaşı, baş nazirin müavini olan Anastas Mikoyanın üç oğlunun üçü də (Stepan, Aleksey və Vladimir) müharibə də iştirak edib. Onların üçü də pilot olub. Stepan və Aleksey döyüşlərdə yaralanıblar, 18 yaşlı Vladimir isə həlak olub.

Müharibədə həlak olanlardan biri də SSRİ-nin qurucularından biri olan Mixail Frunzenin oğlu Timur olub.

1933-cü ildən 1953-cü ilə qədər Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun pilot oğlu Cahangir (Vladimir) 23 yaşında döyüşlərdə həlak olub.

necefcan.JPG (43 KB)

Nərimanovun oğlu Nəcəf, Bağırovun oğli Cahangir – hər ikisi müharibədə həlak olub

Bolşevik inqilabının ilk illərində Azərbaycana rəhbərlik etmiş Nəriman Nərimanovun tankçı oğlu Nəcəf də müharibədə həlak olanlardan biridir. Sadəcə, fərq ondadır ki, o biri övladların atalarının hesabına müharibədən yayınmaq imkanı olsa da, Nəcəfin belə bir şansı olmayıb.

Diqqət edirsinizsə, rəhbərlərin övladlarının hamısı təyyarəçi olub. O dövrdə bu, təhlükəli hərbi peşə olsa da, prestijli sayılıb.

İndi məlum olur ki, Peskovun oğlu da sovet rəhbərlərinin övladları kimi təyyarədə çox uçur – sadəcə, Maldivə, Londona, İbizaya və s. yerlərə. Həm də Nikolay təyyarəni özü sürmür, sərnişin kimi uçur.

Araz Altaylı, Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90