image-rt-reklam
image-1backend

SSRİ haqda şok iddia – Azərbaycan adından ittifaq müqaviləsini imzalayan kimdir?

image-728x90

Teleaparıcı Andrey Karaulov iddia edib ki, SSRİ-nin yaradılması haqda ittifaq müqaviləsi əslində yoxdur, onun orijinalını görən olmayıb; azərbaycanlı tarixçi professor aydınlıq gətirdi

Ukraynalı tanımış jurnalist Dmitri Qordonun son müsahiblərindən biri rusiyalı həmkarı, teleaparıcı Andrey Karaulov olub. Müsahibə zamanı Karaulov SSRİ ilə bağlı şok iddia səsləndirib. O deyib ki, SSRİ-nin yaradılması haqda ittifaq müqaviləsi əslində yoxdur, belə bir sənəd olmayıb, onun orijinalını görən də yoxdur.

Yəni belə çıxır, Sovet İttifaqı tam qanunsuz əsasda yaradılıb, “kupçası” olmayıb, SSRİ vətəndaşları da qanunsuz dövlətdə yaşayıblar? Bəs “SSRİ 1922-ci ilin 22 dekabrında qurulub” fikri haradan yaranıb? Niyə məhz bu tarix göstərilir? Azərbaycan SSR adına müqaviləni kim imzalayıb – əgər belə bir müqavilə varsa. Onu kim imzalaya bilərdi? Nəriman Nərimanov, yoxsa qeyrisi?

Deputat, professor Musa Qasımlının bildirdiyinə görə, SSRİ-nin yaradılması məlumdur: “1922-ci il, dekabrın 30-da yaradılıb və həmişə də bu dövlətlərin ittifaq müqaviləsi ilə yaradıldığı deyilib. SSRİ yaradılanda Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sovet-Federativ Sosialist Respublikası, o cümlədən Rusiya, Belarus və Ukrayna var idi. Onlar SSRİ ittifaqını yaratdılar. Və SSRİ adından beynəlxalq aləmdə çıxış etməkdən ötrü qərar qəbul edildi. Formal olaraq o müqavilənin imzalanması və yaradılması tarixi var, bu da 1922-ci il 30 dekabrda olub. Əslində SSRİ könüllü deyil, mərkəzin hökmü ilə yaradılmışdı. Çünki buna qədər müttəfiq adlandırılan respublikalar bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirilmişdi. Respublikalar müttəfiq adlandırılsalar da, onların heç bir hüququ yox idi. Hər şeyi mərkəz həll edirdi. Təbiidir ki, SSRİ süni şəkildə yaradılmışdı və ittifaq müqaviləsinin fəaliyyətinə də 1991-ci ilin dekabrında son qoyuldu. Mixail Qorbaçov Yeni İttifaq Müqaviləsi imzalanması təşəbbüsü ilə çıxış etdi və layihə respublikalara təqdim də edildi, lakin bu proses baş tutmadı. Olmayan bir ittifaq müqaviləsinin mövcudluğuna necə son qoymaq olardı?!”

M.Qasımlının sözlərinə görə, o vaxt SSRİ tərkibinə Zaqafqaziya Federativ-Sosialist Respublikası daxil idi, ZFSSR tərkibində üç Cənubi Qafqaz ölkəsi idi: “Və onlar SSRİ-nin tərkibinə ayrılıqda daxil olmadılar, onlar ZFSSR kimi daxil oldular, onun da ittifaq şurasının sədri Nəriman Nərimanov idi. Yalnız 1936-cı ildə SSRİ Konstitusiyası qəbul ediləndə ZFSSR ləğv edildi, Azərbaycan, Ermənistan və Gürcüstan ayrılıqda SSRİ-nin müttəfiq respublikalarından biri oldu”.

Qeyd edək ki, SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil edib. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olub. Bunlar Rusiya SFSR, Belarus SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibini Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edib. Həmçinin 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalanıb, beləliklə, SSRİ formal olaraq 11 dövlətdən ibarət ittifaqa çevrilib. İkinci Dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də (keçmiş Köniqsberq əyaləti) ona nəsib oldu…

1991-ci ilin dekabrında SSRİ rəsmən dağılıb.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90