Space Televiziyası tanınmış jurnalist Rasim İsmayılova qarşı hörmətsizlik edib.
Ulusal.az xəbər verir ki, bu barədə jurnalist şəxsi sosial media hesabında yazıb.
O, bildirib ki, redaktoru olduğu “Hər gün bir tarix” film-verilişinin titrlərindən adı çıxarılıb:
“Bu axşam 33 illik jurnalistlik dövründə ən eybəcər bir olayla qarşılaşdım. Təsadüfən Space” televiziyasında 2021-ci ildə Vətən Müharibəsinin bir illiyi üçün hazırladığımız “Hər gün bir tarix” film-verilişə baxdım. Film sona çatdı və baxıram titrlərdən mənim adım çıxarılıb. Dedim yəqin diqqət eləməmişəm. Yoda.az saytında bir də izlədim. Bəli, redaktor Rasim Mustafaoğlu adı çıxarılıb.
Bir balaca bu film-veriliş haqqında. 2021-ci ilin yayında televiziyanın imkanları nəzərə alınaraq Vətən Müharibəsinin ildönümü ilə bağlı bu layihəyə başladıq. Təbii ki, o imkanlar daxilində peşəkar sənədli filmlər hazırlamaq mümkün deyildi. Qərara alındı ki, bir il öncə müharibənin hər günü baş verən hadisələrdən, Ali Baş Komandanın çıxşlarından, xalqın maraqlı reaksiyalarından və s. toplanmış buraxılışlar hazırlayaq. Ekspert kimi hərbi jurnalist Rahib Qəribi və konfliktoloq Əvəz Həsənovu (ruhu şad olsun!) dəvət elədik. Rejissoru da Elgün Camal. Mən də redaktor, həm də bir növ rəhbər kimi. Təbii ki, hamı təmənnasız işlədi. Əməlli-başlı marağa səbəb oldu və xeyli də reytinq topladı. 44 gün efirə getdi. Və 2021-ci ilin sonunda mən 18 il işlədiyim “Space” televiziyasından öz istəyimlə işdən çıxdım. İndi həmin burxılışları efirə verirlər.
Amma bu adpozma əməliyyatını anlamadım. Ən azı ona görə ki, “Space”nin indiki rəhbərliyi və yeni kontingentindən demək olar ki, heç kimi tanımıram. Nəinki, aramızda bir narazılıq olsun. Ümumiyyətlə, məni tanıyan peşə yoldaşlarım bilir ki, daim konfliktlərdən, intiriqalardan uzaq adamam. Həmişə həmkarlarıma qarşı kimliyindən asılı olmayaraq ehtiram göstərmişəm. Bu mənim özümə qoydum peşə kodeksimin bir bəndidir. Amma bu məsələdən heç nə anlamadım. Əgər mənim 2 il əvvəl oradan işdən çıxmağımı əsas gətirirlərsə (hərçənd bu çox gülməli arqument olar) adı titrlərdə olan şəxslərin də bir qismi “Space”dən işdən çoxdan ayrılıb. Mümkündür ki, hansısa sahəyə təsadüfi adamlar gələ bilər. Amma bu etik çərçivəni, müəllif hüquqlarını pozmağa əsas vermir. Ən əsası da kiminsə haqqına girməyi.
Mənim adımı hansısa titrdən çıxarda bilərlər. Amma təvazökarlıqdan uzaq olsa da jurnlistikadan çıxara bilməzlər. Ən azı bu cameədə 3-5 nəfər məni tanıyır. Həmin işdən sonra 2 il ərzində 6 peşəkar (11 bölüm) sənədli film işləmişəm.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Qrossmeyster” 3 bölüm. İTV
“Şuşa, sən azadsan”, BAKI MEDİA MƏRKƏZİ, “SALNAMƏFİLM”,
“Görünməyən qəhrəmanlar: Dövlət Təhlükəsizliyi Xidməti” “AZƏRBAYCANFİLM”,
“Görünməyən qəhrəmanlar: Hərbi həkimlər” “AZƏRBAYCANFİLM”,
“Davam edən missiya”, İTV
“Baş tutmayan tələ” İTV
“QAYIDIŞ” 3 bölüm.
P.S. Əminəm ki, bu məsələ aydınlığa qovuşacaq. Mədəniyyəti çatan olsa üzr də istəyəcək.
P.S.S. Şəkildəki fərqi yəqin gördünüz