image-2000x150
image-383df552-942e-4d87-aeaf-442d7f50e722backend

Soyqırımı Günü

image-728x90

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 30 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.

Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparmışlar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür.

Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirmişdir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılmış, onlara ağlasığmaz işgəncələr verilmişdir.

Xocalı soyqırımına qədər də ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülmüş, onlarla insan yaralanmış və əsir götürülmüşdü.

1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin və Xankəndidəki 366-cı motoatıcı alayın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olmuş, 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülmüş, onlardan 80 nəfəri qətlə yetirilmişdir. Ümumilikdə Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı.

Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilmişdir.

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev vermişdir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalamışdır.  Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur.

Fatimə Talıbzadə Astan. Azərbaycan Dövlət Pedaqoji Univeristeti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90