İnsan doğulduğu gündən keçən hər gününü kino lenti, maraqlı kadrlar kimi çözələyir. Tarix adlı həyat səhifələrini vərəqlədikcə, dünənimizdən bu günə, sabaha boylanan qaranlıq məqamları, açılmamış sirləri, ən kədərli və bəlkə də ən xoş anları kino lenti kimi göz önündən keçiririk. Yaddaşımızın küncündə ilişib qalan maraqlı kadrları çözələyib çıxardıqca, o günlərə yenidən qayıdır, arxada buraxdığımız məqamları yenidən yaşamalı oluruq. Yaşadığı bütün həyatı vətəninə həsr edən necə-necə oğullarımız var.
Həyatını bütün cizgiləri Azərbaycanla bağlı olan insanlardan biri də mərhum general-polkovnik Tofiq Ağahüseynovdur.
Tofiq Ağahüseynov 1923-cü il fevral ayının 1-də Azərbaycanın dilbər guşələrindən birində – Şəkidə anadan olub. Yeddi yaşında olanda Tofiq Ağahüseynov ailələsi ilə birlikdə Bakıya köçür. Orta məktəbi əla qiymətlərlə başa vuran Tofiq Ağahüseynov Neft Kimya İnstitutuna daxil olur. Böyük Vətən Müharibəsinin başlanması Tofiq Ağahüseynovun arzularını puç etsə də, onun hərb elminə marağını artırır.
Beləliklə, onun qarşısında arzuladığından tamam fərqli bir yol açılır. 1941-ci ilin sentyabrında o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Qeyd edək ki, o zaman cəbhəyə çoxlu kadrlar lazım idi. Çünki cəhbədə baş verənlər vaxtı, zamanı gözləmirdi. İl yarımdan sonra Tofiq leytenant rütbəsi alaraq doğma Bakıdan ayrılmalı olur. Qafqazdan SSRİ-nin şimalına, soyuqlar diyarına göndərilir. Tofiqin xidmət etdiyi hərbi hissəyə Molotovsk (indiki Severodvinsk) və Arxangelski şəhərini düşməndən qorumaq tapşırığı verilir. Həm də onların qoruduğu şəhərlərin limanlarına hərbi və döyüş sursatı daşınırdı. Ona görə də düşmən limanı havadan bombalamağa cəhd göstərirdi. Lakin düşmənin bu planı alt-üst oldu. Düşmənin məğlub edilməsində Tofiqin də rolu az deyildi. Tofiq Ağahüseynovun keçdiyi ömür yolu bir daha təsdiqləyir ki, o, hər gün özünün hərbi biliyini artırmaq barədə düşünüb. Yüksək rütbəli zabitlərlə daim məsləhətləşir, döyüş qabiliyyətini artırır, tabeliyində olan əsgərlərin həyatını xilas etməkdən ötrü əlindən gələni əsirgəmirdi.
Sərhəddə doğru irəliləyən qoşuna mühüm tapşırıq verilmişdi. Tofiq Ağahüseynov da onun tərkibində idi. Onlar Polşanı hitlerçilərdən azad etməliydilər.
Polşanın faşistlərdən təmizlənməsi tarixə Visla-Oder əməliyyatı kimi düşüb. 1945-ci il yanvarın 12-də başlanan əməliyyat həmin il fevralın 3-də uğurla tamamlandı. Əməliyyatın keçirilməsinə 2 milyon 200 min hərbçi cəlb olunmuşdu. Birinci Belorusiya Cəbhəsinə marşal Jukov, İkinci Ukrayna Cəbhəsinə isə marşal Konev başçılıq edirdi. Bu əməliyyatda sovet ordusu böyük uğura imza atdı, düşmənin bel sütunu məhz bu zaman qırıldı. Faşistlər geriyə, Almaniyanın içərilərinə doğru çəkildilər. Nəhayət, sovet ordusu ilə müttəfiqlər Berlin əməliyyatını həyata keçirməyə başladı. 1945-ci il mayın 2-də Tofiqgil Berlinə daxil oldular. Artıq Reyxstaq üzərində sovet bayrağı dalğalanırdı. O zaman Reyxstaqa yaxınlaşan hərbçilər onun üzərinə ürəyindən keçənləri yazırdılar. Bina üzərinə “Mən Bakıdanam. Tofiq Ağahüseynov” cümləsi də həkk olunmuşdu.
Müharibə bitsə də, Tofiq Ağahüseynov ömrünü hərb sənətinə bağlayır. 1968-ci ildə general-mayor rütbəsi ilə təltif edilən Tofiq Ağahüseynov dörd il sonra general-leytenant rütbəsinə layiq görülür. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilir. Tofiq Ağahüseynov harada çalışmasından asılı olmayaraq, həmişə azərbaycanlıları axtarıb tapır, onlara kömək edirdi. Bunu çoxları xatırlayır. Təbii ki, belə bir məşhur azərbaycanlı Heydər Əliyevin diqqətindən kənarda qala bilməzdi. O, 1980-ci ilin mayında general-polkovnik rütbəsi alması münasibətilə Tofiq Ağahüseynovu şəxsən təbrik edir.
Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanı olaraq Çexoslovakiyaya göndərilir.
Lakin o, yenə də Heydər Əliyevlə daim əlaqə saxlayır, hər dəfə Moskvaya gələndə ilk olaraq o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyevlə görüşür, məsləhətlər alırdı. Ömrünün ahıl çağlarında Tofiq Ağahüseynov Heydər Əliyevin gördüyü işləri xatırlamağı özünə borc bilir, bu işlərin qədrinin bilinməsini tövsiyə edir. Nəhayət, Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamını xatırlamalı oluruq. Tofiq Ağahüseynov həmin gün prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarında fəaliyyətə başlayır. Bu zaman onun 74 yaşı var idi. O, ömrünü dövlətimizə, ordumuzun formalaşmasına sərf etdi.
Tofiq Ağahüseynov 13 may 2021-ci ildə, 98 yaşında vəfat edib.
Qoşqar Salmanlı