Rusiyanın Lipetsk şəhəri yaxınlığında yerləşən hərbi aerodroma dron hücumu olub və irimiqyaslı yanğın başlayıb.
Ulusal.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.
Yerli “Telegram” kanalları pilotsuz təyyarənin hücumundan sonra aerodromdakı sursat anbarının yandığını göstərən videolar paylaşıb.
Aerodrom ərazisində baş verən yanğın Yer səthində yanğınları izləyən NASA FIRMS izləmə sisteminin peykləri tərəfindən də qeydə alındığı deyilir. Bu məlumatlardan belə nəticə çıxır ki, Rusiya Aerokosmik Qüvvələrinin struktur bölməsi olan Lipetsk Aviasiya Mərkəzi Ukraynanın hücumuna məruz qalıb. Mərkəz Döyüş bölmələrinin uçuş və mühəndis heyətinin yenidən hazırlanması, habelə aviasiya sistemlərinin döyüş istifadəsi üsullarının işlənib hazırlanması və tətbiqi ilə məşğuldur.
Rusiya mənbələri aerodromdakı bütün təyyarələrin xilas edildiyini iddia edir. Məlumata görə, Ukrayna artıq bir neçə dəfə aviabazaya hücum etməyə cəhd edib. Ötən il dekabrın 17-də vurulduğu iddia edilən pilotsuz təyyarənin qalıqları onun ərazisinə düşüb. 2021-ci ilin dekabrında Rusiya Müdafiə Nazirliyi Lipetsk Aviasiya Mərkəzinin Su-34 bombardmançılarının yeni partiyasını aldığını bildirdi.
Regionun qubernatoru İqor Artamonov səhər mesajlarında aerodromdakı yanğından bəhs etməyib. O, Lipetsk şəhərinin iri pilotsuz təyyarə hücumuna məruz qaldığını bildirib. O, partlayışların mülki binalardan uzaqda baş verdiyini deyib. Partlayışın nəticələrini aradan qaldırmaq üçün Lipetsk bələdiyyə dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib, ictimai nəqliyyat dayandırılıb, əyləncə tədbirləri ləğv edilib. Dörd yaşayış məntəqəsindən – Koptsevy Xutor, Fedorovka, Yakovlevka, Tınkovkadan təxliyə aparılır. Bu ərazilərin hamısı aerodromun yaxınlığında yerləşir.
Artamonov həmçinin bildirib ki, hücum nəticəsində Lipetskdə elektrik infrastrukturu obyekti zədələnib. Beş mikrorayonda və bir küçədə bir neçə saat elektrik enerjisi kəsilib. Hücum nəticəsində azı 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Lipetsk vilayəti səmasında 19 pilotsuz uçuş aparatı vurulub. Onlardan əlavə, Belqorod vilayəti üzərində 26, Kursk üzərində yeddi, Bryansk üzərində beş, Voronej üzərində dörd və Oryol üzərində bir pilotsuz təyyarə məhv edilib. Daha beş pilotsuz təyyarə ilhaq edilmiş Krım üzərində vurulub, səkkiz hava və yeddi yerüstü pilotsuz təyyarə Qara dənizdə məhv edilib. Ümumilikdə – 82 dron zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Rusiya bölgələri müntəzəm atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hücumlarının yatırılması barədə məlumat verir və Rusiya ərazisi üzərində raket və pilotsuz təyyarələrin vurulduğunu bildirir Kiyev isə əksər hallarda bu mesajları şərh etmir.