Dünyanın diqqəti bu gün İstanbula keçiriləcək Rusiya-Ukrayna danışıqlarına yönəlib.
Kreml Ukraynanın Zelenski-Putin görüşü çağırışına mənfi cavab verib. Lakin Putin yüksək səviyyəli rus diplomatları və müdafiə rəsmilərindən ibarət nümayəndə heyətini göndərib.
Ukrayna Prezidenti Zelenski Türkiyə lideri Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.
Qeyd edək ki, Ukrayna məsələsi üzrə İstanbul danışıqları Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) başlayacaq.
Bu barədə TASS-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.
Görüş mətbuat üçün qapalı keçiriləcək.
Görüşün Dolmabahça sarayında təşkil olunması gözlənilir.
Xatırladaq ki, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumu ilə başlayan müharibədə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələri böyük ölçüdə ilhaq edilib.
2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq ilə Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarəti itirib.
ABŞ və Avropa ölkələri Ukraynaya geniş iqtisadi və hərbi yardım göstərir, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir.
Belarusdakı danışıqlardan sonra Rusiya və Ukrayna xarici işlər nazirləri 10 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda görüşmüşdülər.
Türkiyə tərəfləri 29 mart 2022-ci ildə İstanbulda bir araya gətirib.
İstanbul danışıqlarında tərəflərin əldə etdiyi razılaşma Buça şəhərində mülki vətəndaşların öldürüldüyünə dair ittihamlarla pozulub, İngiltərə və ABŞ-ın razılaşmaya qarşı çıxdığı iddiaları irəli sürülüb.
Müharibənin şiddətlənməsinə baxmayaraq sülh səylərini davam etdirən Türkiyə eyni il Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə tərəfləri yenidən bir araya gətirdi və dünyada geniş əks-səda doğuran Qara Dəniz Taxıl Təşəbbüsü Müqaviləsinin imzalanmasını təmin etdi.
Rəcəb Tayyib Ərdoğan sülh danışıqlarına ev sahibliyi etmək və vasitəçilik etmək təklifini davam etdirərkən, ABŞ-da Donald Trampın prezident seçilməsi ilə diplomatiya yenidən sürət qazanıb.
Rusiya Prezidenti Vladimir Putin mayın 11-də İstanbulda 3 il əvvəl kəsilən birbaşa danışıqların mayın 15-də heç bir şərt olmadan yenidən başlaması təklifini gündəmə gətirib və prezident Ərdoğandan danışıqlara ev sahibliyi etməsini istəyib.
Ukrayna administrasiyası buna müsbət cavab verib, beynəlxalq ictimaiyyət də İstanbul sülh danışıqlarının gündəmini alqışlayıb.