Ermənistanın hakim “Mülki Müqavilə” partiyası iyulun 12-də Gorusda keçirilən siyasi toplantıda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Mehri rayonu ərazisindən mümkün yolun verilməsi məsələsini müzakirə edib. Ulusal.az “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, rəsmi İrəvan bu dəhlizin açılmasına razılıq verib.
Nəşrin məlumatına görə, müzakirə bağlı qapılar arxasında, mətbuatın iştirakı olmadan baş tutub.
Qəzetin mənbələri görüş zamanı baş nazir Nikol Paşinyanın əhvalının nəzərəçarpacaq dərəcədə gərgin olduğunu qeyd edib. Partiya təmsilçilərində belə təəssürat yaranıb ki, baş nazir Türkiyə, BƏƏ və Belçikaya son səfərləri zamanı gözlədiyi nəticə və təminatları ala bilməyib.