Suriyada 61 illik Baas rejimi 2011-ci ildə başlayan xalq hərəkatlarından 13 il sonra süqut etdi. Rejim əleyhdarı qruplarının paytaxt Dəməşqə girməsi ilə Əsəd və Baas hakimiyyəti sona çatdı.
Ulusal.az xəbər verir ki, devrilmiş Bəşər Əsədlə bağlı iddia bütün dünyada diqqət çəkib. Əsədin təyyarəsinin son dəfə Dəməşq hava limanından qalxdıqdan sonra Homsun qərbində göründüyü və qəzaya uğrama ehtimalının olduğu bildirilib. Dəməşq-Latakiya arasında uçan təyyarə sosial mediada müxtəlif iddiaları gündəmə gətirib.
İnternetdəki uçuş izləmə saytlarında son dəfə Dəməşq hava limanından havaya qalxdıqdan sonra Homsun qərbində görülən, lakin daha sonra itən təyyarənin Bəşər Əsədi daşıdığı iddia edilib. Sözügedən təyyarənin radardan itmədən əvvəl 1600 fut yüksəkliyə endiyi və “qeyri-adi hərəkətlər” etdiyi bildirilir.