image-rt-reklam
image-1backend

Şok qalmaqal: UEFA Rusiya klublarına pul ödəyib, Ukrayna klublarına isə yox…

image-728x90

UEFA Rusiya futbol klublarına 10,8 milyon avrodan çox “həmrəylik” vəsaiti ödəyib. Bu, Rusiya komandalarının Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Avropa turnirlərindən uzaqlaşdırılmasına baxmayaraq baş verib. Ulusal.az xəbər verir ki, bu məlumatı The Guardian yayıb.

Eyni zamanda beş Ukrayna klubu bu vəsaitdən məhrum edilib. Səbəb kimi həmin komandaların “döyüş bölgəsində yerləşməsi” göstərilib.

UEFA-nın izahına görə, həmrəylik ödənişləri əsasən Avropa yarışlarında iştirak etməyən və ya yüksək nəticə göstərməyən klublara verilir. Məqsəd isə müxtəlif liqalarda rəqabət balansını qorumaqdır.

UEFA 2022–2023-cü il mövsümündə Rusiya Futbol İttifaqına 3,3 milyon avro, 2023–2024-cü il üçün 3,38 milyon avro, 2024–2025-ci il mövsümünə görə isə 4,22 milyon avro ödəyib.

27 iyul tarixində Odessanın “Çernomorets” və “Real Pharma”, Zaporojyenin “Metallurq”, işğal altındakı Mariupoldan FSK “Fenix” və Xarkovun “Metallist 1925” klublarının rəhbərləri UEFA prezidenti Aleksander Çeferinə məktubla müraciət ediblər. Onlar 2023–2024 və 2024–2025-ci illər üzrə həmrəylik ödənişlərinin dayandırılmasından narazılıqlarını bildiriblər.

Klub rəhbərləri bildiriblər ki, ödənişlərə mane olan səbəb kimi İsveçrədəki bankın “döyüş bölgəsində yerləşmə” ilə bağlı “anlaşılmaz tələbləri” göstərilib:

“Bu barədə nə detallı məlumat, nə də hüquqi əsaslandırma təqdim olunmayıb. ‘Döyüş bölgəsi’ ifadəsi bizim üçün qeyri-müəyyəndir və gerçəkliyə uyğun deyil. Ukraynada konkret bir bölgə deyil, bütün ölkə Rusiyanın hərbi təcavüzü ilə üz-üzədir,” – deyə məktubda qeyd olunub.

Klub rəhbərləri əlavə ediblər ki, Ukrayna futbol ictimaiyyətinin bir çox üzvü müharibənin ilk günlərindən cəbhəyə yollanıb və onlardan bir çoxu həyatını itirib. Bu səbəbdən əlavə maliyyə dəstəyi və həmrəylik ödənişləri klub xərclərinin bir qismini qarşılamaqda mühüm rol oynaya bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90