image-rt-reklam
image-55backend

“Şıx” sanatoriyasının yeni təmirdən çıxan korpusunun açılışı olub

image-728x90

İyunun 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Şıx” sanatoriyasının əsaslı təmir olunan və yenidən qurulan 75 çarpayılıq korpusunun açılışı olub.

Açılış mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, deputatlar – Musa Quliyev və Arzu Nağıyev, həmçinin AHİK-ə üzv təşkilatların rəhbərləri iştirak ediblər.

Məlumat verilib ki, korpusda Şuşa şəhərindən olan məcburi köçkünlər məskunlaşmışdı. Dövlətimiz tərəfindən onlar yeni mənzillərlə təmin olunduqdan sonra korpusda təmir işlərinə başlanılıb. Hazırda bina müasir tələblərə uyğun bərpa edilib və yenidənqurma işləri həyata keçirilib.

Bildirilib ki, dördmərtəbəli yataq korpusuna beşinci mərtəbə tikilərək əlavə olunub. Korpusda ümumilikdə 75 çarpayıdan ibarət 44 otaq var. Bunlardan 3-ü lüks kateqoriyalı, 13-ü birnəfərlik, 28-i isə ikinəfərlik nömrələrdir. Bütün otaqlar kondisioner, televizor, soyuducu, seyf, fen və xalatlarla təchiz olunub. Bundan başqa, əlavə yemək zalı da inșa edilib. Burada yeməklərin təqdimatı “İsveç masası” prinsipinə uyğun qurulub.

Binanın zirzəmi hissəsində SPA prosedurları üçün böyük üzgüçülük hovuzu, türk hamamı, sauna və istirahət otaqları tikilib. Eləcə də doqquz vannadan ibarət müasir vanna şöbəsi yaradılıb, şöbənin damında isə günəş vannası qəbul etmək üçün sahə hazırlanıb. Binanın ətrafında gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

AHİK sədri binanın ərazisini gəzib, əsaslı təmirdən çıxmış tibb məntəqəsinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib. Həmçinin Səttar Möhbalıyev yeni tikilmiş hovuza, vanna şöbəsinə, SPA mərkəzinə və yeməkxanaya baş çəkib, xəstələrin müalicəsi və istirahəti üçün yaradılmış şəraitlə maraqlanıb.

Konfederasiya sədri sanatoriya rəhbərliyinə xidmətlərin daha da yüksək səviyyəyə qaldırılması və yaranan hər hansı problemin tezliklə həll olunması üçün tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” sanatoriyasına pasiyentlər gələn kimi müayinə olunur və növbəti 15 gün ərzində tibbi nəzarət altında qalırlar. Sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur. Burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarını təklif edən komfortlu yeməkxana fəaliyyət göstərir. Həmçinin qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub.

image-11 image-22 image-33 image-44 image-55

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90