image-rt-reklam
image-1backend

Sinvar öldü, ABŞ alqışladı – Yanaşmanıza tüpürüm…

image-728x90

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümü ilə bağlı bütün detallar yayıldı: necə yaralanmasından tutmuş, ölüm ayağında belə müqavimətinə qədər.

Sinvarın 7 oktyabr hücumunu və 1000-dən çox dinc insanın qətlə yetirilməsində rolunu vurğulayır və bunun yolverilməz olduğunu bir daha bəyan edirik. Terror hücumuydu, dinc əhaliyə qarşı idi və bu, cəzasız qalmamalıydı.

Bütün bunlara baxmayaraq, Sinvarın ölüm ayağında belə mübarizə aparması, üstündən tapılanlar, həyat tərzi, yaşantıları onun inandığı bir ideologiyaya xidmət etdiyinin, fanatikliyinin göstəricisidir. Adam inandığı yolda canını qoydu – baxmayaraq ki, “mübarizə üsulu” terrorçuluq idi…

İsrail aviasiyasi-artilleriyası Sinvarın olduğu binanı vurandan sonra o, hələ ölməmişdi, yaralı idi, PUA onu çəkəndə hərəkət də edirdi. Ancaq İsrail ordusunun snayperi düz gicgahından nişan almaqla Sinvarı məhv etdi, sonra da barmağını kəsdi, ayağını qopardı, yəni meyitini təhqir edib, bunu bütün dünyaya göstərdi.

İsrail bu hərəkətinin insanlıqdan kənar olduğunu bilməmiş deyil, amma buna özünün izahı var: terrorçusansa, birmənalı məhv edilməlisən, meyitin də bu hala salınmalıdır. Halbuki İsrailin Sinvarı əsir almaq, mühakimə etmək fürsəti, imkanı da vardı – gördünüz.

Bunun ardınca nə baş verdi? ABŞ Prezidenti Co Bayden Sinvarın ölümünü “dünya üçün yaxşı gün” adlandırdı, tələsik İsrail baş nazirinə zəng edib, atəşli təbriklərini çatdırdı; Britaniya, Fransa, İtaliya, Almaniya… Sinvarın qətlindən xoşhal olduqlarını bəyan etdilər!

Olsun, dünyanın bir terrorçuya münasibəti belədir.

Araik Arutyunyan 44 günlük müharibə zamanı canlı yayım açdı, rəsmi müraciət etdi və müharibə zonasından 100 km kənarda olan Gəncə şəhərinə zərbələr endirilməsinə şəxsən göstəriş verdiyini, yəni dinc insanların gecə vaxtı, yatdığı yerdə qətlə yetirilməsinin bütün məsuliyyətini üzərinə götürdü. Həm də gülərək, meydan oxuyaraq, hədələyərək!

Dünya liderləri bu videonu görməyiblərsə, böyük məmnuniyyətlə gözlərinə soxa bilərik!

Araik Arutyunyan Gəncəyə endirilən 5 raket zərbəsində, onlarla mülki şəxsin ölümündə və yaralanmasında birbaşa məsuliyyət daşıyır!

Bako Saakyan – Xocalıda törədilən dəhşətli qətliamın, məhz soyqırımın birbaşa iştirakçılarındandır. Bu soyqırımı isə dünyanın əksər ölkəsi fakt olaraq tanıyıb, bütün görüntülər var, onları da görməyənlərin gözünə soxa bilərik!

Müqayisə əlbəttə ki, kobuddur: Qəzza – İsrailin özünün belə tanıdığı Fələstin ərazisidir, dünya Qəzzanı fələstinlilərin torpağı kimi tanıyır;

HƏMAS – İsrailin 1967-ci ildə BMT tərəfindən tanınan sərhədlərindən kənara çıxmamasını istəyir və buna qarşı mübarizə aparır – o ayrı məsələ ki, mübarizə metodu terrordur və bunun da səbəbi var: çünki qarşısındakı böyük güclə bacarmır, dünya isə səsini eşitmir!

Qarabağ isə bütün dünyanın – BMT-sinin, ABŞ-ının, Almaniyasının, Fransasının… Azərbaycan torpağı kimi tanıyıb-təsdiqlədiyi ərazidir! Məhz Azərbaycanın ərazisi kimi bütün dünyada qəbul edilən torpaqlarda bir ovuc erməni separatçı-terrorçuluğa başlayıb və… soyqırımlar törədib, keçmiş Dağlıq Qarabağın ərazisindən kənarda 14 min kv.km-ya yaxın ərazini işğal edib, o ərazidən 800 min insanı didərgin salıb: minlərlə mülki şəxsi qətlə yetirib, evlərini dağıdıb, işğal etdiyi torpaqlarda 700-ə yaxın şəhəri, kəndi viran qoyub, dağıdıb, yer üzündən büsbütün silib…

Azərbaycan separatizmin kökünü qazıyandan və BMT və yekə dövlətlər tərəfindən tanınan ərazisini bərpa etdikdən sonra – Gəncəyə 5 dəfə raket atdırıb, qətliamlar törədən terrorçubaşı Araiki, Xocalı soyqırımını törədib, sonra da separatçı rejimdə “rəhbər olan” Saakyanı, Azərbaycan şəhərində oturub, separatizm-terrorizmi maliyyələşdirən Vardanyanı… – öldürməyib, təpəsinə snayper atəşi açıb, cəhənnəmə vasil etməyib – sadəcə, həbs edib və ədalət mühakiməsinə çıxarır.

Yaxşı, Sinvarın – yaralanmış, müqavimət göstərə bilməyən bir şəxsin snayper atəşi ilə qətlə yetirilib, sonra da təhqir edilən – meyitini özü ilə aparan İsrailin bu əməllərini əks etdirən görüntülər ortadaykən, bu qətliama haqq qazandırılır, dəstək verilirsə, bəs, Araikin, Bakonun, Rubenin azadlığı niyə tələb edilir?

Həm də Sinvarın cibindən çıxanlara baxın – təsbeh, Quran, fanar… – yəni bir həsir, bir Məmmədnəsir; adam rəsmən fanatikdir!

Bir də Araik Arutyunyanın, Bako Saakyanın… “cibindən çıxanlara” baxın: adamların dünyanın o ölkəsi yoxdur ki, mülkləri olmasın; o banklar yoxdur ki, hesabları olmasın! Burax Rusiya və Ermənistanı, Avropada belə Azərbaycandan taladıqları hesabına milyardlıq biznes qurublar.

Bu qədər hüquqsuz, haqsız, ədalətsiz dünyamı olar?

“Biz terrorçunu yerindəcə öldürə bilərik, siz terrorçunu həbsdə saxlaya bilməzsiniz” düşüncəsi ilə lotuluq etmək bu dövlətlərin hardan ağlına gəlir?

Sizin maraqlarınıza uyğun gələn terrorçu cəzalana bilməz, ancaq əksini düşünən köməksiz vəziyyətdə olsa belə, qətlə yetirilməlidir?

Ukraynanın ərazi bütövlüyü mütləq şəkildə dəstəklənir; Ukraynada separatçıların terrorla, maşınlarının partladılması ilə, kamikadze hücumu ilə aradan götürülməsindən qayət şad olurlar və Kiyevin buna haqqı olduğunu bəyan edirlər! Ancaq Azərbaycana çatanda terrorçunun öldürülməsi bir yana, həbsindən “narahat” olurlar?

Nə ədalət var, nə müharibəni kişi kimi, qəbul etdikləri konvensiyalara uyğun aparırlar, nə də prinsipləri mövcuddur! Rusiya ordusu köməksiz vəziyyətdə əlini qaldıran əsiri güllələyəndə Rusiya lənətlənir, terrorçu adlanır, müharibə qanunlarını pozmaqda günahlandırılır, Sinvar yaralı halda kresloda oturduğu halda təpəsinə snayper gülləsi vurub, öldürüləndə “müharibə qanununa” uyğun olur?

Tüpürüm sizin yanaşmanıza!!!axar.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90