“Kocaelispor”un formasını geyinən Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyə mətbuatının suallarını cavablandırıb.
Ulusal.az xəbər verir ki, hücumçu ötən tur “Eyüpspor”a qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb:
“Komandamız yaxşı çıxış etdi. Düzdür, oyunda iştirak etmədim. Lakin azarkeşlərimizin sayəsində qələbə qazandıq. Çünki onlar rəqib komandaya ciddi təzyiq göstərdilər. Açığı, bu mənim xoşuma gəldi”,
Futbolçu növbəti tur “Altay”la matçda iştirak etmək istədiyini bildirib:
“Növbəti matçda iştirak etmək istəyirəm. Təbii ki, məşqçinin qərarına hörmətlə yanaşıram. Məqsədimiz Super Liqaya vəsiqə qazanmaqdır. Buna görə addım-addım getməliyik”.
Şeydayev komandaya trasnfer olunmazdan əvvəl Rəşad Sadıqovla danışdığını qeyd edib:
“Buraya gəlməzdən əvvəl Rəşad Sadıqovla danışdım. O, mənə azarkeşlərin mükəmməl olduğunu söylədi. Sadıqov qərar verməyi özümə buraxdı”.
27 yaşlı futbolçu yeni komandasına uyğunlaşmağın çətin olmadığını ifadə edib:
“Buraya uyğunlaşmaq mənim üçün çətin olmayacaq. Çünki Türkiyədə dostlarım var. Bundan əlavə, dili də bir az bilirəm. Din baxımından da mənim üçün problem yoxdur. Komanda yoldaşlarımla yaxşı vaxt keçiririk”.
Qeyd edək ki, Ramil Şeydayev yanvarın 17-də Türkiyə I Liqa təmsilçisi “Kocaelispor”la 1.5 illik müqavilə imzalayıb. Onun son klubu Tailandın “Buriram Yunayted” komadası olub.publika.az