Cəlilabad rayonunda 2003-cü il təvəllüdlü Loğman həmkəndlilləri – Cəlal və onun əmisi oğlu Kazımı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Ulusal.az Teleqraf.com-a istinadən xəbər verir ki, Loğman yetkinlik yaşına çatmadığı dövrdə həmkəndlisi Cəlalın mobil telefonunda özündən xəbərsiz sevdiyi qızın da görüntüləri olan videonun olduğunu öyrəndikdə həmin vedoçəkilişi mobil telefondan silməsi ilə bağlı 30 sentyabr 2021-ci ildə Cəlilabad rayonunun kəndi ərazisində söhbət edib.
Daha sonra hərə öz evinə gedib. Loğman Cəlalın videogörüntünü silməkdən imtinasını götür-qoy edib. Bunu özü üçün qəbuledilməz sayıb və onu öldürmək qərarına gəlib.
Bu məqsədlə həmin gün saat 21 radələrində mətbəx bıçağı götürüb və üzərində gizlədib. O, Cəlalın yaşadığı evə gedib.
Loğman darvazadan içəri daxil olub, həyətdə ona tərəf gələn Cəlala videogörüntünü silməkdən imtinasını bəhanə gətirirərək bıçaqla onun qarın nahiyəsinə vurub. Qaçaraq uzaqlaşan Cəlalın ardınca düşərək ona daha bir neçə bıçaq zərbəsi endirib.
Həyətdə Cəlalın qohumu Kazım ona mane olmaq istəyib. Loğman Kazımın da bel nahiyəsinə bıçaqla bir zərbə vurub. Hər iki yaralı vaxtında xəstəxanata çatdırıldığı üçün həyatlarını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslər – Cəlal və Kazım həmkəndliləridir, onlarla münasibəti həmişə yaxşı olub, ədavət və düşmənçilikləri yoxdur: “Bundan başqa, həmkəndlim Əsədllə qohumluq münasibətim də var.
2021-ci il sentyabrın əvvəllərində kənd ərazisində Əsədlə rastlaşdım. Söhbət edərkən telefonda oyun oynamaq üçün mobil telefonumu istədi. Telefonumu ona verdim. Vaxt keçirmək üçün özüm də Əsədin telefonunu götürdüm. Əsədin telefonuna baxarkən yaşadığım kənddə kiminsə xınayaxma məclisində çəkilmiş videogörüntüdə sevdiyim qız Leylanın kadrda olduğunu gördüm.
Həmkəndlim Leylanı sevsəm də, qızın bundan xəbəri yoxdur. Həmin vaxt gördüyüm video ilə bağlı Əsədə heç nə demədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət Əsədlə bir yerdə olduqdan və telefonları bir-birilərinə qaytardıqdan sonra sağollaşaraq ayrılıblar: “3-4 gün sonra Əsədlə kənd ərazisində yenə rastlaşdım. Telefonunda olan xınayaxma məclisindəki videonu kiməsə verib-vermədiyini soruşdum. Videonun yalnız Cəlalda olduğunu dedi. Nəyə görə videonu soruşduğumu Əsəd bilmədi. Başqa bir söz demədən ondan ayrıldım.
Uzaqlaşdıqdan az sonra sevdiyim qızın, yəni Leylanın göründüyü videonun Cəlalda olması mənə pis təsir etdi, narahatlıq keçirdim. Leyla Cəlalın qohumu olduğun üçün ona video ilə bağlı nəsə deməyə də çətinlik çəkdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 30 sentyabr 2021-ci ildə, axşam saatlarında sevdiyi qızın olduğu video ilə bağlı Cəlala deməyi qərara alıb: “İstədim ki, Cəlal telefonundakı videonun silsin. Əvvəlcə Cəlala zəng vurdum, yerini soruşdum. Evdə olduğunu bildirəndə yaşadığı evin qarşısına getdim. Onu küçəyə çağırdım. Əsədin telefonunda xınayaxdıda çəkilən videonu gördüyümü, həmin videoda sevdiyim qız Leylanın da düşdüyünü, buna görə videonu silməsini istədim.
Cəlal mənə dedi ki, get, sonra bu barədə söhbət edərik. Razılaşaraq oranı tərk etdim”.
Loğmanın sözlərinə görə, Cəlal həmin gün saat 19 radələrində söhbət etmək üçün ona zəng vurub və onlar kənd ərazisində görüşüblər: “Cəlal video ilə bağlı mənimlə sakit tərzdə söhbət etdi. Leyla ilə qohum olduğunu xatırlatdı, bu videoda başqa bir şey göstərilmədiyiniı, belə bir şeyi ona deməyimin yanlış olduğunu bildirdi. Cəlalı başa düşdüm və sağollaşaraq ondan ayrıldım.
Yaşadığım evə qayıtdıqdan sonra yenə də video məsələsini fikirləşdim. Videonun Cəlalda qalmasını və onun videonu silməkdən imtina etməsini qəbul edə, özümə sığışdıra bilmədim. Bu səbəbdən qərara gəldim ki, Cəlalı cəzalandırım”.
Loğman qeyd edib ki, sentyabrın 30-da saat 21 radələrində həyətlərində olan ərzaq mağazasına gedib və mətbəx bıçağı alaraq cibinə qoyub: “Sonra Cəlalgil tərəfə getdim. Onların evinə çatmağa az qalmış Cəlalın mobil telefonuna zəng vurdum. Onu küçə qapısının yanına çağırdım. Mən həyət qapısına çataraq içəri girdim.
Həyətdə Cəlal və əmisi oğlu Kazım birlikdə mənə yaxınlaşdı. Həmin vaxt Cəlalın dayısı oğlu Vaqif də həyətdə idi.
Cəlal mənə yaxınlaşıb nə baş verdiyini soruşdu. Ona heç bir söz demədim. Əsəbimdən danışa bilmirdim. Şalvarımın cibindən bıçağı çıxarıb Cəlalın qarınına vurdum. O, evə tərəf qaçmağa başladı. Arxasınca qaçdım, ona çataraq bıçaqla bir neçə dəfə də vurdum. Cəlal yerdən taxta parçası götürüb başıma vurdu. Daha da əsəbiləşdim, onu yenidən bıçaqla vurmaq istədim. Lakin Cəlalın əmisi oğlu Kazım məni arxadan qucaqlayaraq mane oldu. Kazıma məni buraxmasını desəm də, qulaq asmadı.
Kazımın məni buraxmadığını gördükdə onu özümdən kənarlaşdırmaq üçün əlimdəki bıçaqla qarnını vurdum. Bundan sonra Kazım məni buraxdı”.
Loğman qeyd edib ki, evin qarşısında yerə yıxılmış Cəlala yaxınlaşıb, üzərində oturaraq onun bədəninə daha bir neçə bıçaq vurub: “Cəlal əlləri ilə itələyərək məni üzərindən kənarlaşdırmaq istəsə də, bıçaqla bir neçə dəfə vura bildim. Sonra səs-küyə Cəlalın anası Almaz evdən çıxdı. Qışqıraraq mənə yaxınlaşdı və Cəlalı vurmağıma mane oldu. Bıçaqla vurmağı saxladım.
Cəlalı vurarkən onun anası Almaza heç bir söz deməmişəm. Ona “tutma məni, onu öldürəcəm” deməyimi isə xatırlamıram.
Sonra həyətdən çıxdım, bıçağı hasarın yanına ataraq evimizə yollandım. Hadisəni törətdikdən az sonra kənd yoluna çıxdım və əmim Davuda zəng etdim. Ona hadisəni danışdım, olduğum yeri dedim. Əmimdən məni götürərək polis şöbəsinə aparmasını xahiş elədim.
Az sonra əmim maşınla kənd yolunda olan avtobus dayanacağına gəldi. Birlikdə rayon polis şöbəsinə getdik”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 9 il müddətinə azadlıqdan məhrum edilib.