image-rt-reklam
image-3backend

Şərqlə Qərb arasında körpü olan Macarıstan  

image-728x90

Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub. Baş nazir Azərbaycan Prezidentini qarşılayıb. İki ölkə nümayəndələrinin geniş tərkibdə görüşü olub.

Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib.

Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycan və macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.

Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycanla Macarıstan arasında mövcud olan əməkdaşlığın müxtəlif istiqamətləri və son illərdə imzalanan mühüm sənədlər bu əlaqələrə təsirsiz ötüşməyib. Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanla “xüsusi münasibətlər” nəzərə alınaraq, Macarıstan COP29-da belə tədbirlərə ənənəvi yanaşmaya uyğun olaraq ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub.

İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. İlk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Macarıstan paytaxtında iki dövlət başçılarının görüşü zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edilb ki, hər iki dövlət energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaqdır.

“Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”, – deyə dövlətimizin başçısı əlavə edib.

Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.

“Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq” –deyə dövlətimizin başçısı bildirib.

Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında vurğulayıb ki, biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur.

Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirildiyini söyləyən Baş nazir deyib: “Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik”.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90