image-2000x150
image-1683797568_1681240465_1659518760_turk_army-780x470backend

“Sərhəddəki təxribatın arxasında Rusiya dayanır”

image-728x90

Ermənistan ordusu yenidən təxribatlara əl atıb. Ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbi qulluqçumuz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.

Azərbaycan Ordusu Ermənistan tərəfindən törədilən təxribatın qarşısını almaq məqsədi ilə cavab tədbirləri görüb. Qarşı tərəfin yaydığı məlumata görə, təxribata cəhd edən 4 erməni hərbçi yaralanıb.

Ulusal.az xəbər verir ki, sərhəddə baş verən hadisələri Modern.az-a şərh edən deputat Nəsib Məhəməliyev təxribatın arxasında Rusiyanı dəstəkləyən qüvvələrin dayandığını düşünür.

Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qərbin vasitəçiliyinə birmənalı baxmır.

“Biz bilməyik ki, müsbət danışıqlardan, hansısa sülhyaratma prosesində bir addım irəli getdikdən sonra təxribatlar olmalıdır. Dəfələrlə bunun şahidi olmuşuq. Bəllidir ki, Azərbaycanla Ermənistan arasında danışıqların iki formatı mövcuddur. Bunlardan biri ABŞ-ın, yəni kollektiv Qərbin təşkil etdiyi, digəri isə Rusiyanın vasitəçiliyi ilə yaradılan danışıqlar masasıdır. Ümumiyyətlə, Rusiya Qərbin təkliflərinə qısqanclıqla yanaşır. Bunu özləri də gizlətmir və izahını isə bu cür verirlər ki, müharibəni onlar dayandırıb, həmçinin Moskvanın bölgədə təsir imkanları daha genişdir”, – deyə parlamentari bildirib.

Sərhəd təxribatının məqsədinə gəlincə, N.Məhəməliyev bunun Brüssel görüşünü əngəlləmək niyyətilə bağlı olduğunu hesab edir:

“Təxribatın arxasında Rusiyaya bağlı olan qüvvələr dayanır. Bu yaxınlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda görüşdü. Həmin danışıqlarda müəyyən müsbət addımların olması diqqət çəkdi. Bundan sonra qərara gəlindi ki, kollektiv Qərbin formatı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə davam etsin. Rusiya maraqlı deyil ki, indiki halda dayanıqlı sülh əldə olunsun. Azərbaycanla Ermənistan arasında daimi sülhün olması o deməkdir ki, Rusiyanın ənənəvi Qafqaz siyasəti birnöv başa çatmış olur. Çünki böyük sülh müqaviləsi imzalansa, Qarabağda olan sülhməramlılara ehtiyac qalmır. Bu baxımdan Rusiya mövcud vəziyyətin qalmasında maraqlıdır. Rəsmi Moskvanın təklifi ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərin statusu məsələsi gələcəyə saxlanılsın. Qərbin təklifi isə münaqişənin Azərbaycanın sərhədlərinin tanınması ilə sonlanmasından ibarətdir. Dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması əsas prinsipdir. Ümumiyyətlə, Rusiyanın təklifi gələcəkdə Azərbaycana problem yarada bilər”.

“Onu da deyim ki, həm Ermənistanda, həm də Qarabağın daxilində kifayət qədər revanşist qüvvələr var. Onlar Paşinyan hakimiyyəti tərəfindən idarə olunmur. Ermənistan ordusunda Rusiyaya xidmət edən kifayət qədər qüvvələr mövcuddur. Hətta, onların silahlı qüvvələrinin kadr potensialının 99 faizi Rusiya hərbi məktəblərini bitirmiş hərbçilərdir. Həmin kadrlar Paşinyanı rəhbər olaraq qəbul etmir. Dünya erməniləri və onlara lobbiçilik edən qüvvələr maraqlı deyil ki, münaqişə tam həll olunsun. Böyük sülh müqaviləsinin imzalanması həmin lobbilərin 150 ildir apardıqları təbliğatın iflasa uğraması deməkdir. Təxribatçı güclər erməni məsələsinin beynəlxalq gündəlikdən çıxarılmasına imkan vermir. Bu, tək Azərbaycanla bağlı məsələ deyil. Həmin məsələyə birbaşa olaraq Türkiyə və Yaxın Şərq də daxildir. Qeyd olunan məsələlərdə hansısa tərəfi birbaşa günahlandırmaq çətindir. Konkret faktlar olmalıdır ki, təxribatı törədən tərəfi göstərə biləsən. Ancaq, istənilən halda son danışıqlara nəzər yetirsək, bu təxribatın arxasında Rusiyaya tabe olan qüvvələrin olduğunu görəcəyik”, – deputat əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90