image-rt-reklam
image-1backend

Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri – Deputatla MÜSAHİBƏ  

image-728x90

30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Qeyd olunub ki, bundan sonra da belə görüş keçiriləcək.

Keçirilən bu görüşlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına necə təsir edəcək?

1news.az bu və digər məsələlərlə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevdən müsahibə alıb.

Müsahibəni təqdim edirik:

– Bildiyimiz kimi Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü keçirildi. Sərhəddə keçirilən bu görüşlərdən hansısa önəmli nəticələr əldə oluna bilərmi?

– Bütün potensial nəticələr ilk növbədə məhz qarşılıqlı görüşlər və müzakirələr nəticəsində əldə olunur. Ona görə də Azərbaycan bütün müzakirələrə və xüsusilə iki ölkə arasında birbaşa aparılan müzakirələrə müsbət yanaşır. Lakin bu heç də o demək deyil ki, bir, iki görüşdə sərhəd məsələləri həll oluna bilər. Bir qayda olaraq qonşu ölkələr arasında sərhədlərin delimitasiya və demarkasiyası uzun sürən bir prosesdir. Ona görə də bu günlərdə sərhəd bölgəsində keçirilən görüşdən dərhal nəzərə çarpan bir nəticə gözləntimiz yoxdur. Azərbaycan və Ermənistanın sərhəd məsələləri üzrə işçi komissiyalarının ikitərəfli görüşünü bu proseslərin başlanğıc nöqtəsi hesab etmək daha doğru olardı.

– Bütün dünya gördü ki, ermənilərin talan etdiyi şəhər və rayonlarımızı sürətlə bərpa edirik. Ancaq müşahidə etsək, görərik ki, xüsusilə Azərbaycanın torpaqlarını azad etdiyindən sonra bəzi böyük dövlətlər Azərbaycana qarşı aqressiv münasibət sərgiləyir, qərəzli addımlar atır. Bu nə ilə bağlıdır?

– Vətən Müharibəsindən sonrakı dövrdə bölgəmizdə yaranmış yeni reaallıqlar şəraitində böyük dövlətlər tərəfindən sərgilənən münasibət onu göstərir ki, dünyanın güc mərkəzləri Qarabağ münaqişəsinin həll olunmasında və ədalətin bərqərar olunmasında maraqlı deyildilər. Azərbaycanla Ermənistan arasında ziddiyyətlərin tam şəkildə və birdəfəlik aradan qalxması onların bölgədə baş verən hadisələrə müdaxilə etmək imkanını da aradan qaldırır. Bu isə onların bölgə dövlətlərini özlərindən asılı vəziyyətdə saxlamaq istəyinə sədd çəkir. Ona görə də böyük güc mərkəzləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır və hələ çalışacaqlar.

– Azərbaycan Vətən Müharibəsindən sonra Ermənistana sülhlə bağlı təkliflərini verib. Ancaq Ermənistan hələ də sülhlə bağlı real addımlar atmaqda maraqlı deyil. Sülh prosesini uzatmaq Ermənistan üçün nə ilə nəticələnə bilər?

– Ermənistan dövlət kimi mövcud olduğu son bir əsrdə heç zaman müstəqil siyasət yürütmək iqtidarında olmayıb. SSRİ-nin süqutundan sonra sözdə müstəqillik əldə etsə də yenə metropoliya mərkəzinin təlimatları ilə idarə olunub. Ölkənin bugünkü acınacaqlı vəziyyətə düşməsinin də yeganə ilkin səbəbi məhz budur. İndiki şəraitdə də Ermənistan siyasi elitasında müstəqil dövlət quruculuğu ilə bağlı aydın və birmənalı təsəvvürlər yox dərəcəsindədir. Ona görə də Ermənistan hakimiyyəti kənardan və xüsusilə böyük güc mərkəzlərini təmsil edən dövlətlərdən gələn yanlış siqnallara maraq göstərir və çıxış yolunu onların bizim bölgəmizdə aparmaq istədiyi dağıdıcı siyasətə qulluq etməkdə axtarır. Bu isə Ermənistanın növbəti dəfə yeni bir müstəmləkəçinin caynağına keçməsi ilə nəticələnə bilər. Belə olarsa, Ermənistanın yenə də bölgədən kənar hər hansı bir güc mərkəzinin Cənubi Qafqazdakı vassalına çevrilməsi qaçılmaz olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90