image-rt-reklam
image-1backend

Sərhəddə keçən ömür: Mustafa Nəsirovun həyat yolu  

image-728x90

Onun haqqında çox yazılıb. Onu tanıyanlar onun general əzəmətinə, general vüqarına,zəhminə, şux  qamətinə heyran idilər. Həyatda heç kim anadan qəhrəman doğulmur. Ancaq elə insanlar var ki, onlar həyata elə qəhrəman, cəsur kimi qədəm basırlar.

Bu gün  Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovu xatırlayacaıyıq.Onun tanıdığım ilk gündən bu vüqarlı generala heyran qalmışdım. Mən Mustafa müəllimdən müsahibə götürəndə 80 yaşı var idi. Sanki qarşısındakı jurnalist onun illərdir dostu idi. Mustafa müəllim mənimlə bir dost kimi həmsöhbət idi. Bu müsahibə bizim dostluğumuzun təməlini qoydu. O, mübariz, dayanmadan çalışan bir insan idi. Sanki 80 yox, sadəcə 40 yaşı var idi.  Təbiətcə sakit insan olan Mustafa müəllim tərifi sevməzdi. Dostları onun haqqında belə deyirlər: “Mustafa müəllim qanunun aliliyini hər şeydən üstün tuturdu. Amma qəlbində milli ruh güclü olduğu ücün azərbaycanlılara hər zaman dayaq durur, onlara dəstək olurdu”.

Hamı Mustafa müəllimin dövlətə və dövlətçiliyə sadiq adam olduğundan danışır. Mustafa müəllim özü də necə sərhədçi olduğu haqda hər zaman maraqla danışırdı. O, xatirələrində sərhədçi kimi yetişməsində doğulduğu qədim Dərbənd şəhərinin böyük rolunu qeyd edirdi. General-mayor Mustafa Nəsirov xatirələrində yazırdı: “Mənim general rütbəsini almağımda Heydər Əliyevin rolu böyük idi. Məhz onun köməkliyi ilə bu rütbəni aldım. Sovet dövründə azərbaycanlıların general rütbəsi alması çox çətin idi. Rütbə verilərkən daha çox ruslara üstünlük verilirdi. Mən general rütbəsi almalıydım. Lakin məni rütbə məsələsində yenə gecikdirmək istəyirdilər. Məhz bu anda Heydər Əliyev məsələyə müdaxilə etdi və mən general rütbəsi aldım”.Hər insanın qarşısına qoyduğu bir məqsəd, amal olur. Bəziləri qarşılarına qoyduqları məqsəd uğrundan heç bir çətinlikdən çəkinməyərək mübarizə aparır, sonda arzularına çatır. Arzular sonsuz olsa da, xəyalları gerçəkləşdirmək mümkündür. Dahi şəxsiyyətlər cəmiyyətin onlara verdiyi imkandan istifadə edərək öz arzularına çatırlar. Elə arzular var ki, onların reallaşmasına tarixi şərait yardım edir. Amma o da var ki, hər kəs taleyin onun qarşısında açdığı yolu özü gedir. Gərək bu yolla elə addımlayasan ki, büdrəməyəsən, qarşına çıxan bütün maneələri dəf edərək əzab-əziyyətlərə dözə biləsən. Bunun üçün isə adamda möhkəm iradə, cəsarət, düzgünlük, isti ürək, soyuq ağıl, dəmir məntiq olmalıdır. Məhz bu sadalanan kefiyyətlər general-mayor Mustafa Nəsirovda var idi. O, heç bir çətinlikdən qorxmazdı. Bu qorxmazlığı onun daha da irəliyə getməsinə şərait yaradırdı. Daim öz üzərində işləyən Mustafa Nəsirov dostlarının da sevimlisi idi. İlk sərhədçi generalımız Mustafa Nəsirovla möhkəm dost olan polkovnik Arif Əliyarov özünü xöşbəxt sayır: “Ömrümün gənclik çağında Mustafa müəllimi tanıdım. O, sərhəddin cazibəsini bizə aşıladı. Azərbaycanımızın müstəqilliyi illərində sərhəd xidmətimizi yaradanda bu çətin gündə o, yenə bizim birlikdə idi. Təqaüddə olsa da, sərhəd qoşunlarımızın formalaşdırılması üçün var qüvvəsi ilə çalışırdı. O, bizə inanırdı. Çünki biz onun tələbələri idik. Biz sərhəd qoşunlarımızı yaratdıq. Mustafa Nəsirov onlarla azərbaycanlı gəncin sərhədçi kimi yetişməsinə yardımçı olmuşdu. Bu gün Sərhəd Qoşunlarımızda olan zabitlərimizin bir çoxu məhz Mustafa Nəsirovun yetirmələridir”.

Deyirlər yaxşı dost həm də yaxşı sirdaşdır. Mustafa müəllimin dost seçimində bəxti gətirib desək yanılmarıq. İllər öncə bu əzəmətli generalın dostlarından biri, indi haqq dünyasında olan  general-mayor Bahadur Hüseynovla görüşəndə bunun bir daha şahidi olduq. Mustafa Nəsirov haqqında danışanda kövrələn Bahadur Hüseynov “Biz ən yaxın dostumuzu itirdik”,- deyə bildirirdi. Bahadur Hüseynov Mustafa Nəsirovla bağlı xatirələrində maraqlı bir hadisəni xüsusi qeyd etmişdi: “Mən sərhəddə işləyirdim. Bir gün eşitdim ki, Mustafa Nəsirov gəlib. O zamanlar onu tanımırdım. Amma onun haqqında eşitmişdim. Bir azərbaycanlı zabit kimi onunla görüşmək istəyirdim. Biz görüşdük. Bu görüşümüz xatirimdə dərin iz buraxdı. Səhəri gün onu evimizə dəvət etdim. 1962-ci ildəki bu görüş əbədi dostluğumuzun təməlini qoydu”.

Mustafa Nəsirovu tanıyanların hamısı onu qeyri-adi istedad malik insan adlandırmağı əbəs deyil. Dostları onun dinləmək bacarığına görə çox sevirdilər. Qarşısındakı insana böyük qiymət verən Müstafa müəllim hər kəsə həlimliklə yanaşır, qayğı göstərirdi. Mustafa müəllimin dostlarından olan SSRİ Silahlı Qüvvələrində yeganə azərbaycanlı general-polkovnik Tofiq Ağahüseynov onu qabiliyyətli və savadlı hərbçi, yaxşı dost kimi xatırlayırdı. Tofiq Ağahüseynov Mustafa Nəsirovun keçmiş SSRİ-nin ən yaxşı sərhədçilərindən olduğunu qeyd etdi. Tofiq müəllim Mustafa Nəsirovun Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirdiyini də xüsusi vurğuladı. “Sərhədlə bağlı hər hansı məsələ olduqda Ulu Öndər dərhal general-mayor Mustafa Nəsirovla əlaqə saxlamağımı tövsiyə edirdi. Mən də öz növbəmdə dostum Mustafa müəllimlə əlaqə saxlayır və məsələni müzakirə edirdik”,- deyə Tofiq müəllim həmin dövrü bir daha xatırlayırdı.

General-mayor Mustafa Nəsirov öz tələbkarlığı, işinə vurğunluğu ilə seçilirdi. O, tabeliyində olan insanlara iradlarını elə bildirirdi ki, qarşıdakı dərhal hesabını götürürdü. Rütbəcə özündən kiçik olanları məntiqi, ağıllı yol göstərməyi ilə tərbiyə edirdi. Sanki hərbçi olmaq üçün dünyaya gəlibmiş. Ona görə də yazımızın əvvəlində hər bir insanın öz alın yazısına uyğun yaşadığını qeyd etdik. Mustafa Nəsirovun da alın yazısı onu hərbçi, general etdi. O, ömrünü şərəflə yaşadı. Belə bir ömür həyatda hər kəsə nəsib olmur. Onun ömrünün hər bir akkordu mənalıdır.

Dediklərimiz onun etdiklərinin heç mində biri də deyil, bunu bilirik. Bu, çox mənalı bir ömürdür, yüz illər boyu fəxr edəcəyimiz general-mayor Mustafa Nəsirov ömrünün akkordlarıdır…

Ruhun şad olsun böyük insan, əzəmtli general!

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90