Ermənistanın təxribatı nəticəsində dünən axşam saatlarında Zod (Söyüdlü) istiqamətində başlayan döyüş davam edir: Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bir hərbi qulluqçumuz ağır yaranıb, səhər saatlarından etibarən erməni silahlı birləşmələri ordumuzun mövqelərini yenidən minaatanlardan atəşə tutub.
Ulusal.az xəbər verir ki, yayılan informasiyalar sərhəddə döyüşlərin getdiyini təsdiq edir.
Ordumuzun cavab tədbirləri nəticəsində, Ermənistan tərəfi itkilər verib. Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumatında 3 ağır yaralılarının olduğunu təsdiq edib, lakin itkiləri gizlədib. Erməni mənbələr itkilərin çox olduğunu, bölgəyə çoxsaylı təcili tibbi yardım maşınlarının cəlb edildiyini yazır.
Məlumatlara görə, Ermənistan ordumuzun mövqelərinə qarşı İran istehsalı olan dronlardan da istifadə edir. Səhər saatlarında beş güclü partlayış qeydə alınıb.