Azərbaycan tərəfinin rəsmi məlumatına görə, sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb. Dövlətlərin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb. Sonra hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.
Xatırladaq ki, İran mediası İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqirinin Azərbaycan müdafiə naziri ilə görüşmək üçün Bakıya səfər gələcəyini xəbər verirdi.
Bu səfərin rəsmi səbəbi kimi “ikitərəfli müdafiə və hərbi əlaqələrin və əməkdaşlığın inkişafı” göstərilirdi, lakin “siz Cənubi Qafqaz regionunda baş verən hadisələrin daimi izləyicisisinizsə, İranın yüksək səviyyəli hərbi rəsmisinin gərginliyi azaltmağa çalışdığını daha yaxşı bilirsiniz”. Tehran hesab edir ki, İranın şimal-qərbində müharibə alovlana bilər (arshehonline.).
Bundan əvvəl də Məhəmməd Baqiri general-mayor Zakir Həsənovla telefon danışığında ikitərəfli hərbi-müdafiə əlaqələrinin və əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Amma Baqerinin Azərbaycanla heç bir problem olmaması haqda bəyanatları SEPAH tərəfindən deyəsən ciddi qəbul olunmur. SEPAH şənbə günü Bakını Qarabağda separatçı hökumətin keçirdiyi seçkilər fonunda qoşunlarını “ortaq sərhədlərə yerləşdirdiyi üçün” təhdid edib.
SEPAH-a yaxın “Javan” saytı səfərin də xəbərdarlıq xarakteri daşıdığını qeyd edir. Sayt son gərginliyi sırf erməni nöqteyi-nəzərindən işıqlandırır, Qarabağ ermənilərinin humanitar fəlakətdə yaşadıqlarını qeyd edir. Daha sonra sayt yazır: “Bütün bunlar o zaman baş verir ki, Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti Azərbaycanın hücuma keçəcəyini bəyan edir, amma İrəvan özü beynəlxalq səviyyədə Bakıdan şikayət etmək üçün sərhədyanı rayonlarda kütləvi təxribatlara hazırlaşır. Bakıdan İsrailə çoxlu sayda hərbi reyslər həyata keçirilir və onlayn aviasiya məlumatlarının monitorinqi göstərir ki, son günlər Azərbaycan Respublikasının döyüş-nəqliyyat təyyarələri işğal olunmuş ərazilərdəki hərbi bazalara uçuşlar həyata keçirməyə cəhd edib. Sual yaranır: üçüncü Qarabağ müharibəsimi başlayır?”
İddia olunur ki, hərbi sahədə Azərbaycanın regionda döyüş hazırlığını artırdığına dair çoxlu sübutlar var. Son günlər Azərbaycan ordusunun hərbi hissələrinin və silah-sursatının təhvil verilməsi, qüvvələrin səfərbərliyi və döyüşə hazırlığı ilə bağlı çoxlu videolar yayımlanır.
SEPAH nəşri bildirir ki, İran diplomatik təmaslar və müxtəlif görüşlər vasitəsilə Azərbaycana Ermənistanın Sünik bölgəsinə (Zəngəzura) hücum olacağı təqdirdə təmkinli olmağın vacibliyi ilə bağlı xəbərdarlıq edib, amma Tehranın Bakıya qarşı hərbi müdaxiləsi halında Azərbaycan İsrail və Türkiyə ilə birlikdə bir “B” planı yaratmaq üçün tədbirlər görüb”. Bundan əvvəl də İran “regionun siyasi coğrafiyasında hər hansı dəyişikliyə qarşı” xəbərdarlıq edib və bəyan edib ki, Qarabağda gərginliyin tərəflərindən hər hansı biri Qafqazın geosiyasətini və beynəlxalq sərhədləri dəyişmək niyyətindədirsə, İran təmkinli mövqeyini və neytral siyasəti bir kənara qoyub, birbaşa qarşılıq verəcək.
Sayta görə, Baqeri Zakir Həsənovla telefon danışığında deyib ki, ümumi sərhədlərdə təhlükəsizliyin və əmin-amanlığın yaradılması yalnız qonşu dövlətlər arasında anlaşma və birliklə mümkündür, bölgədə əcnəbilərin olması gərginliyə və münaqişəyə səbəb olacaq:
“Bu kontekstdə iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi ilə briqada generalı Əmir Əhədinin rəhbərlik etdiyi ölkəmizin Silahlı Qüvvələrinin Baş Qərargahından nümayəndə heyəti Azərbaycana ezam olunur”.
“i24NEWS” xəbər verir ki, SEPAHA yaxın teleqram kanallarında yayılmış videoda İran qüvvələrinin Azərbaycan və Ermənistanla ortaq sərhəddə cəmləşdiyi göstərilir. Bundan sonra SEPAH İrəvanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Bu iddia “Kayhanlondon” tərəfindən də təkrarlanır . “Hamshahrionline” isə Bakı və Ermənistan sərhədində Araz sahilində (İran tərəfi) İran hərbi helikopterinin fotolarını dərc edib. Verilmiş videonun sonunda Dəstə qəsəbəsinin (Naxçıvan Muxtar Respublikası) qarşısında, “ehtimal ki, Sünik (Ermənistan) sərhədinə doğru hərəkət edən İran zirehli texnikası olan hərbi kolonnası görünür”. Rusiya mənbələri də iranlıların dəstək əməliyyatı üçün Ermənistana hərbi hissələri keçirməyə hazır olduqlarını iddia edib. Bir gün əvvəl Kreml ABŞ və ermənilərin birgə hərbi təlimləri fonunda İrəvanın Moskvadakı nümayəndəsini “dost olmayan addımlar”a görə çağırmışdı.
İranın “9sobh” nəşri isə məlumat verir ki, Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında ikitərəfli münasibətlər və Qarabağ bölgəsində gərginliyin azaldılması ilə bağlı telefon danışığı olub. Regionla bağlı məsələlər, o cümlədən “Laçın dəhlizinin qanunsuz blokadaya alınması, Azərbaycan “hərbi personalının Dağlıq Qarabağ bölgəsində toplanması” səbəbindən bölgədə humanitar böhranın kəskinləşməsi müzakirə edilib. Qarabağ bölgəsi və Ermənistan-Azərbaycan sərhədində artan gərginlik mövzusuna xüsusi diqqət yetirilib.
Ermənistanın baş nazirinin dəftərxanası bildirib ki, Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə imzalanan razılaşmalara və bütün məsələlərin yalnız konstruktiv diplomatiya ilə həllinə sadiqliyini təsdiqləyib. Paşinyan Azərbaycan prezidenti ilə təcili danışıqlara və gərginliyin azaldılmasına hazır olduğunu da bəyan edib.
Prezident dəftərxanasının siyasi məsələlər üzr müavin Məhəmməd Cəmşidi özünün “Twitter” hesabında Rəisinin Paşinyanla telefon danışığının təfərrüatlarını açıqlayıb.
“Doktor Rəisinin Paşinyanın (Ermənistan baş nazirinin) Qafqazdakı sahə vəziyyəti ilə bağlı telefon məlumatına cavabı:
1. İstənilən geosiyasi dəyişikliklər və regional sərhədlər bizim qırmızı xəttimizdir.
2. 3+3 formatına əlavə olaraq hər hansı kənar qüvvə ilə əməkdaşlıq etmək, onlarla təlimlər keçirmək və şübhəli səyahətlər yalnız vəziyyəti çətinləşdirir.
3. İran məsələnin həlli üçün hər iki tərəfə hər cür yardım etməyə hazırdır.
Cavabın 2-ci punktunu əslində ilk növbədə ABŞ-la hərbi təlim keçən Ermənistana xəbərdarlıq kimi nəzərdən keçirmək olardı.
Amma iş ondadır ki, xəbəri servis edən az qala bütün İran nəşrləri bunu məhz Azərbaycana sərt xəbərdarlıq başlığı ilə təqdim edirlər.
Çoxsaylı İran nəşrləri (salameno, danestanyonline, donya-e-eqtesad, khordad ) İranın müharibədə iştirak perspektivini araşdırır, “İranın Qafqaz böhranına hərbi müdaxilə ehtimalı ciddidirmi?” başlığı ilə təhlillər dərc edirlər. Bundan sonra Bakının “Zəngəzuru işğal etmək istəyi” haqda ənənəvi yalanlar təkrarlanır. Başabəla “azərbaycanşünas” ekspert Salar Seyfəddini bildirir ki, bu məsələ İran üçün proqnozlaşdırıla bilən idi və İslam Respublikası bunla bağlı tədbirlər də nəzərdə tutub”. Hadisələrin niyə məhz indi baş verməsini isə belə izah edir : indi Ərbəin günləri olduğundan İranın mərasimə başının qarşımasından istifadə edir. İkinci tərəfdən qarşıdan İranda feminist hərəkatın ildönümü gəlir və İran buna ciddi hazırlıq görür, yəni daxil problemləri ilə əlləşir. Üçüncüsü, sentyabrın son həftəsi İran tərəfi nüvə danışıqları üzrə Nyu-York görüşlərinə hazırlaşır.
Sərhədlərə mümkün hücuma İranın reaksiyasının necə olacağı sualını cavablandıran ekspert belə izah edib: “İran iki-üç il əvvəl sərhəd dəyişikliyini qəbul etməyəcəyini dəfələrlə vurğulayıb və bu məsələ həm Ərdoğan, həm də Putinlə müzakirə edilib. Ona görə də son illər İran Ermənistanla sərhəd bölgəsində manevrlər həyata keçirib və hətta qoşun yeridib. Ona görə də, görünür, İranın reaksiyası mənfi olacaq və proseslər eyni ruhda davam edərsə, İran hərbi reaksiya da nümayiş etdirə bilər. Ola bilsin ki, İran bu münaqişəyə pilotsuz təyyarələr, quru qoşunları kimi alətləri ilə girsin”. Bu ekspertin fikrincə, İranın bu bölgədə konsulluğu var və hər hansı münaqişə baş verərsə, İran öz konsulluğunu qorumalıdır.
Seyfəddini iddia edib ki, Hakan Fidan Tehrana səfəri zamanı Azərbaycanın sərhədlərdə dəyişiklik etmək planı olduğunu açıqlayıb. Əmir Abdollahian cavab verib ki, heç bir sərhəd dəyişikliyini qəbul etməyəcəklər: “Ali Milli Təhlükəsizlik Şurasının İranın öz ətrafındakı, yəni Ermənistandakı siyasi sərhədlərin istənilən dəyişikliyi ilə məşğul olacağına dair qətnaməsi çox vacibdir. Bu, qarşıdurmanın hansı gərginliklərə səbəb ola biləcəyini açıq şəkildə göstərir”.
O iddia edir ki, İran razılıq verməsə də, Soçidəki görüşdə Putin Ərdoğanın bu yöndə xahişinə yaşıl işıq yandırıb, rus qoşunlarını və vətəndaşlarını təxliyə etməklə Bakıya aydın mesaj verib. Xatırladaq ki, Rusiya XİN Ermənistanın baş nazirinin həyat yoldaşının Kiyevə səfərindən və İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmasından, eləcə də Rusiyanın “Sputnik” media orqanının blogerinin saxlanmasından şikayətlənib. Paşinyan isə Ukraynaya humanitar yardım göndərməklə, ABŞ-la hərbi təlim keçməklə, öz strateji müttəfiqinə qarşı səhv davranır.
Daha sonra ABŞ-ın Ankara və Bakını diplomatik yolla çəkindirdiyini söyləyən Seyfəddini, qarşıdan gələn seçkilərdə Donald Tramp qalib gələrsə, Əliyev və Ərdoğana Cənubi Qafqazda sərbəstlik verəcəyini deyir.
Cəmaləddin Quliyev, siyasi ekspert