Sosial şəbəkənin Azərbaycan seqmentində AFFA prezidenti Rövnəq Abdullayevin bu vəzifədən yaxın günlərdə imtina edəcəyi ilə bağlı xəbərlər yayılıb. Verilən məlumata görə “Qarabağ” futbol klubunun baş məşqiçisi Qurban Qurbanovun İctimai Televiziyanın efirində səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Həmin müsahibədə Qurban Qurbanov Azərbaycan millisindən öz istəyi ilə deyil AFFA-dakı qüvvələr tərəfindən qovulduğunu dilə gətirmişdi. Qurbanov konkret olaraq ad çəkməsə də onun millidən qovulmasında əsas söz sahibinin Rövnəq Abdullayev olduğuna işarə etmişdi.
“Getdiyim yerdən çox danışmaq istəmirəm. Mən niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin, millidən mən özüm getmədim. Sadəcə ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı. Komitənin qaydası belədir. Müzakirədən sonra bildirildi ki, biz səninlə yolları ayırırıq. Yəni millidən getməyim bu cür oldu”.-bunu müsahibəsində tanınmış məşqiçi Qurban Qurbanov bildirmişdi.
Artıq bu müsahibə yuxarı eşalonda birmənalı qarşılanmayıb. Mənbə iddia edir ki, Qurban Qurbanovun millidən ayrılmasını bir zamanlar yuxarılara Rövnəq Abdullayev başqa cür izah edib və onun millidən işləmək istəmədiyini bildirib. Bu müsahibədən sonra AFFA qarşısına ciddi tələb qoyulduğu bildirilir. Artıq qeyd edilir ki, yaxın günlərdə Rövnəq Abdullayev AFFA-dan istefa verəcək.
Bir sözlə martda AFFA-nın prezidenti postuna seçkilərdə Rövnəq Abdullayev olmayacaq.
Hətta sportinfo.az saytı bu haqda məlumatı federasiyanın özündən əldə edib və yayıb.
Həmçinin bildirilir ki, Rövnəq Abdullayevin guya yanvarın 18-də keçiriləcək iclasda xəstə olması xəbəri də yalandır. Məhz bu təzyiqlərə görə AFFA İcraiyyə Komitəsinin (İK) yanvarın 19-da Gəncədə keçirilməli olan iclasının təxirə salınıb.
Qeyd edək ki, həmin gün Gəncə Futbol Akademiyasının da açılışı nəzərdə tutulurdu, o da ləğv edildi.
R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir. Ramiz Mirzəyevin dünyasını dəyişməsindən sonra federasiyanın başına keçən SOCAR-ın sabiq prezident 4 seçkiyə təkbaşına qatılıb.