image-2000x150
image-88f8d7ea6a42822eb9b5787d14deda97backend

“Sənin bizdə videon var, cənab….” – “Qurşaq şantajı”na qurşananların iyrənc əməlləri

image-728x90

Siyasətçilərin başının bəlası şantaj edilmələridir. 30-40 ilin “gülləbatmaz”, “tufanyıxmaz” siyasi liderini 2-3 dəqiqəlik seks kasseti ilə və ya bir neçə fotoşəkillə yıxmaq, siyasət meydanından çəkilməsinə, namizədliyini geri götürməsinə nail olmaq olur.

Çünki incəsənət, idman, biznes və başqa sahələrin xadimlərinin, eləcə də sıravi vətəndaşların seks videosuyla şantaj edilməsi ilə bir siyasi xadimin eyni əyani vəsaitlə şantaj edilməsinin arasında böyük fərq var.

Birincilərin uzağı ailəsi dağıla (o da az bir qismi), biznesinin yarısı əlindən çıxa bilər, amma ikincilərin ailəsi də dağıla bilər, bu olmasa da, karyerası dibindən baltalanar. Aldadılmış qadın şorgöz ərini bağışlasa da, aldadılmış seçici “əxlaqsızlığı ilə özünü biabır etmiş” siyasətçini bağışlamayacaq.

İndiyədək belə oyunlar çox adamın başına gəlib, “dəyirman”ın boğazından salamat çıxan az olub.

Bu fənd sırf demokratik ölkələrdə keçərlidir. Diktatura rejimlərində hökmdarı nə düzənsiz seksual həyatıyla, nə də onun lentə alınmış fraqmentləri ilə şantaj edib nəyəsə nail olmaq mümkün deyil. Şantajçının özünün videosunu çəkərlər.

Məsələn, Səudiyyə Ərəbistanının rəhbərlərinin hesabı itmiş sayda seks partnyorları var, hamı da hər şeyi bilir və bu, hər kəs tərəfindən normal qəbul edilir.

çsvati.jpg (249 KB)

 III Msvatinin ömür-gün yoldaşları

Esvatinidə (Svazilend) kral Msvati ildə bir arvad alır, bir neçə ay qabaq 14-cünü də alıb.

Bruney sultanının rəsmi və qeyri-rəsmi partnyorlarının hesabını xüsusi departament aparır.

kstor.jpg (182 KB)

Dünən Fidel Kastro haqqında saytımızda dərc olunan yazıda göstərilirdi ki, hakimiyyətdə olduğu 49 ildə komandantenin həyatından 35 min qadın keçib. Rəqəm on dəfə şişirdilmiş ola bilər, amma bir lider üçün 3500 qadın da az deyil.

Без названия-2.jpg (8 KB)

Demokratik ölkələrdə isə hər bir nikahdankənar əlaqə qalmaqal deməkdir. 24 il öncə ABŞ prezidenti Bill Klintonun başına gələnləri o dövrün adamları və sonradan bu işlə maraqlananlar bilirlər. Cənab Klintonu A Evdə təcrübə keçən Monika Levinski adlı qadınla ilişkisinə görə hoydu-hoyduya götürmüşdülər, az qala impiçment edəcəkdilər. Ona qarşı ittihamın adı “and altında olarkən yalan danışmaq” idi, amma hamı bilirdi ki, Klinton seks şantajına məruz qalıb və rəqibləri bundan istifadə edirlər.

799739.jpg (61 KB)

Vaxtilə ABŞ-ın 35-ci prezidenti Con Kennedi də seks şantajıyla üzləşib. Məşhur aktrisa Merilin Monro gənc prezidenti əməlli-başlı fakt qarşısında qoyub, az qala ailəsini dağıdacaqmış. Qalmaqal yaranacağı halda Kennedinin ikinci dəfə seçilməsindən söhbət gedə bilməzdi. Elə Merilin Monronun vaxtsız və müəmmalı ölümünün altında da bu şantajın rolu olduğuna dair fərziyyələr var və çox güclüdür.

Hazırda eks-prezident Trampa qarşı seks şantajı faktorundan istifadə edirlər. Yaşı 80-ə dirənmiş ahıl siyasətçi 40-45 il əvvəl hansısa qadına sataşdığına və ya zorladığına görə ittiham olunur. Artıq adamı məhkəməyə çəkir, haqqında qərardadlar da çıxarırlar. Bütün bunlar ona görə baş verir ki, Tramp yenidən prezident seçilmək iddiasındadır. Əgər o, namizədlikdən imtina etsə, üzünə duran qadınlar 45 il əvvəlki əliuzunluğunu ona “halal” edərlər.

meher.jpg (104 KB)

Dünən Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncənin (onun 7-8 faiz, bəlkə də daha çox səs toplayacağı güman olunurdu) iddiasından çəkilməsini seks videosuyla şantaj edilməsi ilə əlaqələndirirlər və belə bir ehtimal böyükdür. Hətta ortada seks kaseti olmasa da, İncənin açıqlamasından belə aydın oldu ki, o, siyasi şantajla üz-üzə imiş, onun namizədliyini geri götürməsini istəyənlər məğlubiyyətə görə suçu ona atacaqmışlar.

Deniz-Baykal.jpg (215 KB)

Xatırladaq ki, 13 il öncə CHP-nin başqanı Dəniz Baykal da məhz internetdə yayılan seks videosunun qurbanı olmuşdu. 70 yaşlı ağsaqqal öz deputat yoldaşının xanımı ilə görüntülənmişdi və böyük ajiotaj doğuran hadisədən sonra şəxsinə qarşı yönəlmiş çoxşaxəli təzyiqlərə davam gətirməyərək partiya sədrliyindən istefa vermişdi.

Bir siyasətçinin bu cür şantajlara məruz qalması, adamın özünü bu durumlara salması nə qədər xoşagəlməzdirsə, bundan qat-qat iyrənc və çirkin olan şey siyasi məqsədlərə, yüksək mənsəbə seks kaseti vasitəsilə nail olmaqdır. Bu üsuldan istifadə edərək vəzifəyə, hakimiyyətə gəlmək heç vaxt xeyirliyə olmaz. Bu axırıncı yoldur, ona qədəm qoyanlar öz xalqları üçün faydalı ola bilməzlər, çünki mənsəbpərəstliyi üzündən bütün etiket qaydalarını tapdayan, qırmızı xətləri keçən şəxs ictimai mənafe-zad düşünməz.

Depositphotos_135565566_m-2015.jpg (129 KB)

Çarlz Beyli və Fletçer Nibelin siyasi detektiv janrında yazdıqları məşhur “Mayın 7 günü” romanının belə bir süjet xətti var: Pentaqonun rəhbəri general Skott ABŞ prezidenti Limeni devirmək istəyir. Limenin komandası xəbər tutur və əks-tədbirlər görür, generala qarşı sübutlar, materiallar toplayırlar. Toplanan materiallar arasında Skottun saxladığı jurnalist qadına dair də sənədlər olur. Limen həmin qovluğu götürmür, deyir, bu, şəxsi məsələdir və mən buna qol qoya bilmərəm. 7 günün tamamında Ağ Evin oval kabinetində prezidentlə generalın söz dueli baş tutur. Prezident daşdan keçən dəlil-sübutlarla generalı tərk-silah edir, onun hansı niyyətdə olduğunu, nəyə çalışdığını boynuna qoyur və əlacı kəsilmiş general ölkədə biabır olmamaq üçün istefa verməyə razılaşır. O, kabinetdən çıxanda prezident Limenin böhran komandasının üzvü, maliyyə naziri onu saxlayır, generalın nikahdankənar cinsi həyatına dair sənədləri, həmin qadının generalın hesabına vergidən yayındığını əks etdirən gəlir bəyannaməsini ona göstərib deyir: “Prezident centlmendir, amma mən yox. Gedib anti-hökumət çıxışları etsən, senatorla mən bu sənədlərlə sənin qırtlağını kəsəcəyik”.

Göründüyü kimi, burada şantajsız ötüşmür. Generalı həm istefa verməyə, həm də növbəti seçkilərdə Limenə alternativ olaraq prezidentliyə namizədliyini irəli sürməməyə vadar edirlər, deyirlər, əks təqdirdə ölkənin bütün qəzetləri öz birinci səhifələrində səndən yazacaq.

Bax, siyasəti ona görə çirkli iş adlandırırlar. Onunla çirkli adamlar məşğul olanda isə bu peşə daha iyrənc şəkil alır.

Xalid KAZIMLI
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90