Məşhur aktyor Allahverdi Yolçuyevin son açıqlamaları cəmiyyətdə rezonans doğurub. Sənətkar hazırda küçədə corab satdığını və bu yolla gündə 10-15 manat qazandığını bildirib. Maddi çətinlik içində yaşadığını deyən aktyor heç kimdən yardım qəbul etmədiyini də vurğulayıb. Allahverdi Yolçuyevin bu sözləri sənət adamlarının sosial təminatı, onlara olan münasibət və dövlət dəstəyi ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuri münasibət bildirib. O, aktyorun real durumu ilə bağlı dəqiq fikir bildirə bilmədiyini deyib:
“Dünən Allahverdi Yolçuyev Xəzər TV-də qonaq idi. Verilişdə mənim qızım da iştirak edirdi. Həmin proqramda bu barədə heç bir söhbət olmadı. Qızı da onunla birlikdə idi. Görünüşünə baxanda da heç nə hiss olunmurdu. Ona görə də məsələnin nə qədər doğru olduğunu deyə bilmirəm. Amma efirdə olduqca yaxşı görünürdü”. Toyuqlu pizza
Rəhimə Nuri, ümumilikdə Allahverdi Yolçuyevin sənətdəki yerinə və sənət adamlarının hazırki durumuna da toxunub:
“O, elə yüksək səviyyədə tanınan aktyor olmayıb. Amma hər halda, insandır, səhnə fəaliyyəti olub. Hazırki durumu ürəkaçan deyil. Mən özüm belə Mədəniyyət Nazirinin qəbuluna düşə bilmirəm. Son illərdə nazir üç dəfə dəyişib. Birinci nazir hər dəfə “yaxşı” deyirdi, amma heç nə etmirdi. İndi Adil Kərimli gəlib, haqqında çox şey deyirlər, amma mən hələ onu görməmişəm. Beş ay öncə nazirin 4-cü və ya 5-ci müavini məni qəbul etdi, dinlədi, amma hələ də heç bir nəticə yoxdur”.
Yaşar Nurinin sənətə və sənət dostlarına göstərdiyi diqqəti xatırladan Rəhimə Nuri onun bu gün olsaydı, Allahverdi Yolçuyevə dəstək olacağını bildirib:
“Yaşarla 40 ilə yaxın bir ömür keçirmişəm. Onun ətrafında olanları da görmüşəm. Yaşar sağ olsaydı, Allahverdi müəllimin bu vəziyyətində onun yanında olardı. Söhbət təkcə maddiyyatdan getmir. Yaşar həm nazirlərin, həm də sıravi insanların sevgisini qazanmışdı. Çoxlarına dəstək olub, irəli çəkib. Amma bu gün nə dost-tanış onun ailəsini axtarır, nə də məzarını ziyarət edir”.
Rəhimə Nuri qeyd edib ki, Allahverdi Yolçuyevin real durumu barədə dəqiq məlumatı yoxdur və yayılan məlumatların nə dərəcədə doğru olduğunu söyləyə bilməz.