Müstəqilliyimizin bərpasından sonrakı müddətdə formalaşmış ənənəyə uyğun olaraq 7-ci çağırış Milli Məclisin ilk iclası Prezident İlham Əliyevin deputatlar qarşısında çıxışı ilə başladı. Dövlətimizin başçısı mövcud beynəlxalq siyasi şəraitdə Azərbaycanın mövqeyi və izlədiyi siyasətlə bağlı öz fikirlərini Milli Məclisin deputatları ilə bölüşdü, qarşıda duran vəzifələr və hədəflər barədə aydın fəaliyyət istiqamətləri müəyyən etdi.
Prezident son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi. Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin Ermənistanı silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir.
“Prezident ölkədə daxili sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişafın və sosial rifah səviyyəsinin yüksəldilməsi üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırdı və bu istiqamətdə dövlət tərəfindən görülən tədbirlərin kifayət qədər səmərəli olduğunu qeyd etdi. Daxili sabitliyə təhlükə yaradan amillərdən birinin ideoloji təxribat olduğunu vurğulayan ölkə başçısı müstəqilliyimizin bərpasından sonrakı bütün illər ərzində xarici güclər tərəfindən bu kimi cəhdlərin heç vaxt dayandırılmadığını bildirdi. Belə təxribatların qarşısının alınması üçün Prezident ölkədə milli həmrəyliyin təmin edilməsini və gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinin cəmiyyət qarşısında dayanan prioritet vəzifə olduğunu və bu vəzifələrin yerinə yetirilməsində ailənin və məktəbin rolunu xüsusi olaraq qeyd etdi.
Azərbaycan Prezidentinin çıxışında Ermənistanla münasibətlərin normallaşdırılması və bu məsələdə ölkəmizin mövqeyi də öz şərhini ətraflı şəkildə tapdı: “Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük müharibədən sonra ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb və bu təşəbbüs faktiki olaraq çıxılmaz vəziyyətdə olan Ermənistana mövcud durumdan çıxış üçün dəstək şəklində Azərbaycanın xoş məramı kimi öz ifadəsini tapıb. Lakin hadisələrin sonrakı gedişi göstərir ki, Ermənistan bölgədə sülhün bərqərar olunmasına məsuliyyətli yanaşmır və kifayət qədər maraq göstərmir. Prezident Ermənistan siyasi rəhbərliyinin sülh müqaviləsinə göstərdiyi yanaşmanı “primitiv” və “qeyri-adekvat” adlandırdı. Regionumuz üçün bu qədər mühüm əhəmiyyət kəsb edən sülh məsələsinə Ermənistanın məsuliyyətsiz münasibəti onu göstərir ki, Ermənistan yaxın zamanlarda sülh bağlanmasında maraqlı deyil. Bununla belə Azərbaycanın öz prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bəyan edən ölkə Prezidenti, əslində, Ermənistan siyasi hakimiyyətinə və onun havadarlarına ciddi mesaj göndərmiş oldu. Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə və xalqına mesajını bu şəkildə ifadə etdi: “…əgər ermənilər bu regionda sülh və sabitlik şəraitində yaşamaq istəyirlərsə qonşu ölkələrə qarşı ərazi iddialarından birdəfəlik imtina etməli və onlarla səmimi əməkdaşlıq münasibətləri qurmalıdırlar…”
Bütün bunlarla yanaşı, Azərbaycanın mövqeyinin beynəlxalq birlik tərəfindən alqışlandığını qeyd edən Prezident İlham Əliyev COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin bütün dünya dövlətləri tərəfindən yekdil şəkildə dəstəklənməsinin məhz bunun təsdiqi olduğunu bildirdi. İnkişafımızın bu gün başlayan yeni mərhələsində Azərbaycanın dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da artacağını və yüksələn xətlə inkişaf edəcəyindən əmin olduğunu bildirən Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sənan Hüseynov – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü